Sankt-Peterburqda Fikrət Əmirovun 100 illiyi münasibətilə “Min bir gecə” baleti təqdim edilib

Rate this item
(0 votes)

 

Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti təqdim edilib.

 

AzərTAC xəbər verir ki, “Min bir gecə” baleti Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilib. Tamaşada Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib. Musiqi dolğunluğu, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə zəngin “Min bir gecə” baleti yerli sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşa anşlaqla keçib.

Səhnə əsərinin nümayişindən sonra tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini uğurlu çıxışları münasibətilə təbrik edib. Diplomat Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.

Mədəniyyət xadimləri qarşısında çıxış edən baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və artistlərinə, həmçinin orkestrə Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini uğurla səhnələşdirdiklərinə görə minnətdarlığını bildirib. Tamaşanın yekununda balet truppasının üzvlərinə baş konsulluq adından gül dəstələri hədiyyə edilib.

Tədbirin yekununda baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyi və balet truppası ilə xatirə şəkili çəkdirib.