“Sən ki sükut deyilsən, belə qəmli dayanma.." - ANA VƏ BALANIN XATİRƏ GÜNÜ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Görüşünə gəlmişəm,

Sən ey gözü bənövşə.

Gözü nəmli dayanma,

Belə qəmli dayanma.

Səninlə dindi dünya,

Sevin, sənindir dünya.

Sevənlərindir dünya,

Belə qəmli dayanma.

 

Var soyuğu, var odu,

Bu yol sevgi yoludur,

Ürək sözlə doludur,

Belə qəmli dayanma.

Könlüm, bulud deyilsən,

Sınıq ümid deyilsən.

Sən ki sükut deyilsən,

Belə qəmli dayanma.

Səsinlə dindi dünya,

Sevin, sənindir dünya.

Sevənlərindir dünya,

Belə qəmli dayanma.

 

Çiçək açsın üzündə,

Günəş gülsün üzündə,

Bir sevinc tap özündə,

Belə qəmli dayanma.

 

Bu gün şərqdə opera yazan ilk qadın bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, şöhrət ordenli Şəfiqə Axundova və onun daha çox pianoçu kimi tanınan, lakin eyni zamanda gözəl bəstəkar olan oğlu Taleh Hacıyevin anım günüdür.

 

Şəfiqə Axundova 21 yanvar 1924-cü ildə Şəki şəhərində dünyaya gəlmişdir. Atası onun həkim olmasını istəsə də, bəstəkar musiqiyə olan sevgisindən vaz keçə bilmir.

Bütün varlığı ilə özünü sənətinə həsr edən, bütün ömrü boyu Azərbaycan milli musiqisinə xidmət edən Şəfiqə Axundova əvvəl böyrəyini, sonralar isə ailə həyatını da sənətinə qurban verir. 

Gənc yaşlarında qısa müddət evli olan Şəfiqə Axundovanın 1957-ci il, avqustun 14-də bu evlilikdən Taleh adlı bir oğlu dünyaya gəlir. Həyat yoldaşı onu başa düşmədiyi üçün onlar ayrılırlar. Taleh anası ilə birlikdə yaşayır. Bəstəkar bundan sonra birdə ailə həyatı qurmur.

Deyilənlərə görə "Bu ayrılıq nədən oldu" və o möhtəşəm "Həsrətindən" mahnılarını da Şəfiqə xanım məhz bu ayrılıqdan sonra bəstələyib.

"Lay-lay" və "Gözümün işığı sənsən" mahnılarını isə o, oğlu Talehə həsr edib.

"Həyat sən nə şirinsən", "Gözlərimin işığı sənsən", "Hardasan sevgilim gəl", "Gəl ey səhər", "Dostlar olmasa", "Gözlərinə toxundu", "Gecələr yuxusuz qoymusan məni", "Yenə sənsiz bu axşam", "Neyçün gəlməz", "Ürəyim səni anar", "Yaraşıqlı kəndimiz", "Mehriban olaq", "Lay lay" kimi dillər əzbəri olan 500-ə yaxın mahnı və romansın, "Ev bizim sirr bizim" operettasının, simli kvartet üçün pyeslərin, sinfonik orkestr üçün suitaların, xor üçün silsilələrin, "Aydın", "Əlvida Hindistan", "Nə üçün yaşayırsan", "Qaynana" tamaşalarının musiqisinin, uşaqlar üçün "Əziz müəllim", "Doğma məktəb", "Əkiz bacılar", "Zümrüd", "Pişik", "Kukla", "Bacılar" mahnılarının müəllifi olan Şəfiqə Axundova 1972-ci ildə Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə adını Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə yazdırdı.

Şəfiqə Axundovanın daha çox pianoçu kimi məşhurluq qazanan oğlu Taleh Hacıyev də anası kimi istedadlı bəstəkar olmuşdur.

O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının, indiki Bakı Musiqi Akademiyası bəstəkarlıq və pianoçuluq fakültəsində təhsil alımış, 18-20 yaşlarından bəstəkar və pianoçu kimi fəaliyyətə başlamışdır. Hamının çox sevdiyi məşhur "Belə qəmli dayanma" mahnısının bəstəsi də məhz Taleh Hacıyevə məxsusdur. 

Taleh Hacıyev həm də

Anası Şəfiqə Axundova tərəfindən yazılan ilk operanın konsertmeyestri olur. Opera və Balet Teatrında Şəfiqə Axundovanın "Gəlin qayası" operası səhnələşdirilərkən tamaşanın daxili baxışına qədər operanı Taleh Hacıyev müşayiət edir.

Xalq artisti Flora Kərimova Taleh Hacıyev haqqında danışanda onu "insan orkestr" adlandırmışdır.  Bu, o deməkdir ki, onun bir tək piano ifası böyük bir orkestri əvəz edirmiş.

Taleh Hacıyev bir müddət ailəli olur lakin, 

onun xasiyyəti ilə ailə qurduğu xanımın xasiyyəti uyğunlaşmadığından bir müddət sonra onlar ayrılırlar.

Sonralar Taleh Hacıyev ruhi xəstəliyə tutulur. 

Şəfiqə xanım oğlu haqqında 

 “Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada”. Deyirdi.

Uzun illər ruhi xəstəlikdən əziyyət çəkən Taleh 2008-ci il iyulun 26-da Maştağada yerləşən ruhi-əsəb dispanserində dünyasını dəyişir. 

Oğlunun ölümünü düz 40 gün bəstəkardan gizlədirlər. Ağır ürək xəstəliyi keçirən Şəfiqə Axundova oğlunun ölümündən 5 il sonra 2013-cü ildə elə oğlunun vəfat etdiyi gündə iyulun 26-da dünyasını dəyişir və 2-ci Fəxri xiyabanda dəfn olunur.

Ruhları şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)