Vyanada Azərbaycanla bağlı beynəlxalq musiqi müsabiqəsi keçiriləcək

Rate this item
(0 votes)

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi Azərbaycan mədəniyyətinin təbliği üçün yeni layihəyə start verib. Birliyin təşkilatçılığı ilə bu il “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq musiqi müsabiqəsi keçiriləcək.

AzərTAC xəbər verir ki, 2002-ci ildə təsis edilən, əsas fəaliyyət istiqaməti Avstriya və Azərbaycan arasında mədəni və elmi əlaqələri inkişaf etdirmək, Avstriyadakı soydaşlarımızı ölkəmiz haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün öz ətrafında birləşdirmək məqsədi daşıyan Azərbaycan Akademik Birliyi yeni layihə ilə bir neçə hədəflərə nail olmağı qarşısına məqsəd qoyub.

Təşkilatın sədri Kamal Əkbərov müsabiqə barəsində məlumat verərək, məhz Vyanada belə bir müsabiqənin təşkil edilməsinin səbəblərinə toxunub. Bildirib ki, Vyana şəhəri dünyada klassik musiqinin beşiyi hesab edilir və bu şəhər peşəkar musiqiçilər, musiqisevərlər arasında xüsusi yerə malikdir: “Hesab edirik ki, məhz Vyana şəhərində “Odlar Yurdunun sədaları“ adlı beynəlxalq klassik musiqi festivalının əsasını qoymaqla həm gənc musiqiçilərə öz istedadlarını nümayiş etdirmək imkanı vermiş olarıq, həm də və ən əsası proqrama Azərbaycan bəstəkarlarının əsərlərini daxil etməklə klassik Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanınmasına töhfə verilər”.

K.Əkbərov diqqətə çatdırıb ki, digər mühüm məqam isə Azərbaycanın yerləşdiyi regionda yaratdığı yeni reallıqlarla bağlıdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Zəfərdən sonra Azərbaycan dünyaya sülh, əməkdaşlıq və humanizm ideyalarına əsaslanan mesajlar verir. Məhz bu yeni mərhələ çərçivəsində beynəlxalq səviyyədə milli mədəniyyətimizi, onun ən mühüm tərkib hissəsi olan musiqimizi təqdim etmək və bu yolla da Azərbaycanın müsbət imici üçün bu tipli tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Qeyd edilib ki, təşkilatın idarə heyəti, fəal üzvləri və Avstriyada yaşayan azərbaycanlı musiqiçi və musiqişünaslar beynəlxalq standartlara cavab verən peşəkar müsabiqənin hazırlanması üzərində ciddi iş aparıblar. Avstriyada yaşayan musiqiçilər Abuzər Manafzadə, Aria Torkanbouri, Jalə Rəsulova, musiqişünaslar Kəmalə Əhmədova və Fərəh Tahirova müsabiqənin jüri heyəti, Azərbaycan bəstəkarlarının əsərləri, tələb və qaydalarla bağlı bütün müvafiq işləri artıq yekunlaşdırıblar.

Professor Fərhad Bədəlbəyli, Əməkdar artistlər Yusif Eyvazov və İslam Manafov, əslən bakılı olan professor Oleq Marşev, professor Ştefan Möller kimi nüfuzlu musiqiçilərin yer aldığı münsiflər heyətinin iştirakı ilə müsabiqənin final mərhələsi 2022-ci il mayın 21-22-də Vyana şəhərində baş tutacaq. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar münsiflər qarşısında ifaları zamanı mütləq Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət etməlidirlər. Müsabiqədə qalib gəlmiş musiqiçilərə pul mükafatı ilə yanaşı, onların Azərbaycanda yerli orkestrlərlə birgə konserti də nəzərdə tutulur və bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparılır.

Musiqiçilər müsabiqənin saytındakı qeydiyyat bölməsində qeydiyyatdan keçməklə öz ifalarını jüriyə təqdim edə biləcəklər. Onlayn mərhələ başa çatdıqdan sonra isə may ayında finalçılar Vyanada bir araya gələcəklər. İdarə heyətinin üzvlərindən Orxan İsmayılov müsabiqənin bütün hüquqi aspektlərini, Rəvan Hüseynov isə reklam, tanıtım və maliyyə resursları ilə bağlı işləri icra edib.

K.Əkbərov sonda bildirib ki, Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi və Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi bu layihəyə təşkilati dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər. Eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və digər qurumların əsas tərəfdaş qismində layihədə iştirakı arzu olunur.

Beynəlxalq müsabiqə barədə ətraflı məlumatı internet saytı vasitəsilə əldə etmək mümkündür: https://www.lofmc.com.