“Balaban-sirli musiqi irsi” adlı musiqi albomu hazırlanıb

Rate this item
(0 votes)

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Balaban-Mysterious Musical Heritage” (“Balaban-sirli musiqi irsi”) adlı musiqi albomu hazırlanıb.

Fonddan AzərTAC-a bildirilib ki, əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin, tarixinin, xalq və bəstəkar mahnılarımızın, milli musiqi alətlərimizin təbliği olan layihənin hazırlıq işləri İstanbulda və Bakıda aparılıb.

Layihənin rəhbəri Türkiyədə yaşayan istedadlı balaban ifaçısı Ələfsər Rəhimov, musiqişünas sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova, musiqi redaktoru Hilal Beyazit, prodüseri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri Kamran Nəcəfovdur.

Diskdə Ələfsər Rəhimovu istedadlı musiqiçilər, Əməkdar artist Şəhriyar İmanov, Etibar Əsədli, Murat Süngü, Elçin Hətəmli, Dəniz Tuncer, Ozan Sarıboğa və başqaları müşayiət edib.

Qədim və mədəniyyətimizdə özünəməxsus xüsusi yeri olan musiqi alətimiz balabanın tanıdılması və mədəni irsimizin təbliği məqsədilə hazırlanan musiqi albomunda Azərbaycan xalq mahnıları, həmçinin Rauf Hacıyev, Polad Bülbüloğlu, Tofiq Quliyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımızla yanaşı, xarici bəstəkarların da musiqi əsərləri yer alıb.

Musiqi albomunda, milli musiqi alətimiz balaban və diskdə yer alan ifalar haqqında ingilis dilində məlumatlar öz əksini tapmışdır.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn disk, ölkəmizdən kənarda həyata keçirilən bir çox tədbirlərdə əcnəbi qonaqlara təqdim olunacaq.