Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” adlı qala-konsert keçirilib

Rate this item
(1 Vote)

Heydər Əliyev Mərkəzində “Nəğmə dolu ürək” adlı qala-konsert keçirilib.

AzərTAC xəbər verir ki, konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib.

Konsert Fikrət Əmirovun “1001 gecə” baletindən introduksiya və bayram rəqsi ilə başlayıb. Sonra Xalq artistləri Azər Zeynalov, Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Murad Hüseynov (fortepiano), Yeganə Axundova (fortepiano), Əməkdar artist Ramil Qasımov çıxış ediblər.

Konsertin möhtəşəm keçdiyini qeyd edən dirijor Fuad İbrahimov bildirib ki, ilin sonunda qürur hissi ilə deyiləsi sözlər nəhayət, musiqi ilə ifadə olundu.

Konsertin Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Çənlibel” xoru ilə bitməsi də təsadüfi olmadı, çünki Çənlibel Şuşadır, Şuşanın Cıdır düzüdür, Şuşanın alınmaz qalasıdır. Repertuarın seçimində Fərhad Bədəlbəylinin böyük rolu olduğunu deyən dirijor bildirib ki, konsertdə səslənən hər bir əsərdə bir mesaj vardı. Azər Zeynalovun ifasında “Ana” mahnısı məhz şəhid analarının yaşadığı hissləri dinləyicilərə çatdırmaq üçün seçilmişdi.

Konsertlə bağlı təəssüratını jurnalistlərlə bölüşən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Əməkdar artist Ramil Qasımov deyib: “Bu gün konsertdən aldığım böyük zövqü, yaşadığım hissləri sözlə ifadə etmək mümkün deyil. Çünki gözəl bir məkanda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə möhtəşəm bir konsert təşkil olunub. Görkəmli musiqiçilərimiz, Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlov, Yeganə Axundova, Azər Zeynalov və digərlərinin ifaları misilsiz idi. Bir musiqiçi kimi sevincimin həddi-hüdudu yoxdur. O görə ki, bu möhtəşəm konsert proqramında azərbaycançılıq hiss olunurdu. Burada bir-birindən maraqlı, dünya və Azərbaycan klassiklərinin əsərləri səsləndirildi”.

Qeyd edək ki, qala-konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Niyazi, Oqtay Zülfüqarov, Elza İbrahimova, Sevil Əliyeva və Sergey Raxmaninovun əsərləri səsləndirilib.