Nadir səsli Xalq artisti... Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

“Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm.”- söyləyir...

 

Xarakterli adamdır, öz prinsipləri ilə yaşamağa üstünlük verir. Kiminsə xətrinə dəymək, arzu olunmayan yerə getmək onun əxlaqına ziddir. Bir aktyor kimi isə, qadın obrazına girmək onun aləmində yolverilməzdir. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Özünəməxsus xüsusiyyətləri çoxdur. Yaratdığı obrazların hamısını ürəklə ifa edir. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib…

 

1953-cü ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bu kənddə böyüyüb boya-baş çatıb. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunaraq iyirmi il orada çalışıb. Sonra beş il Bakı Bələdiyyə Teatrında işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur. 2002-ci ildə əməkdar artist, 2019-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb...

 

Teatr səhnəsində ifa etdiyi rolların sayı-hesabı çoxdan itsə də, indiyədək qırx beşə yaxın film və teleserialda çəkilib. Yaddaqalan rolları çoxdur. “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə…

 

Deyir ki,- “Yeni gələn aktyorlara bir tövsiyəm var. Sənəti özlərindən çox sevsinlər. Bir-iki rol oynayandan sonra özlərini sənətkar kimi qələmə verməsinlər. Aktyor illərlə teatrın tozunu uda-uda, zaman-zaman yetişib sənətkar olur”...

 

 Adil İsgəndərov kimi böyük aktyorlardan dərs alıb, sənətkardır. Bu zirvəyə yetişmək üçün uzun illər yol gəlib. Teatrda “Cavad xan”, “İbrahim xan”, sənədli filmlərdə “Kəlbəli xan”, “Cavanşir xan” obrazlarını canlandırıb. Hərəsindən bir keyfiyyət əxz edib. Nəticə göz qabağındadır, xan kimi məğrur, qürurlu, ağayanə insandır...

 

Aprelin 6-sı Xalq artistinin növbəti ad günüdür. Ona bu münasibətlə möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Çox yaşasın!

 

 “Ədəbiyyat və incəsənət”

(06.04.2024)