“Əlvida!” - RAFİQ BABAYEVİN DOĞUM GÜNÜNƏ Featured

Rate this item
(0 votes)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Zaman-zaman bədnam qonşularımız bizlərə olmazın acılar yaşadıblar. Mart soyqırımına dünən, Xocalı soyqırımına ötən ay yas tutduq. Bu gün mən daha bir erməni faşizmi aktını xatırlamalı olacağıq. 19 mart 1994-cü ildə ermənilərin Bakı metrosunda törətdikləri  terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq artisti, Azərbaycanın caz musiqisi sənətinin parlaq səhifələrini yaradan Rafiq Babayev da var idi. Qəribəsi odur ki, Rafiq Babayev həmin gün ömründə ilk dəfə idi ki, metroya minir, yerin altına enirdi, bu eniş əbədi oldu.

 

Ötən gün istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü idi. 

Rafiq Babayev Bakıda musiqiçi ailəsində dünyaya göz açıb, musiqi təhsilinin bütün pillələrində uğur qazanmağı bacarıb. Caz musiqisinə böyük həvəsi, improvizasiya etmə bacarığı ilk dövrdən hiss edilib. Musiqi məktəbinin buraxılış imtahanında klassik musiqidən əlavə amerikalı caz pianist Bill Evansın kompozisiyasını da ifa edən Rafiq Babayev bu addımı ilə görkəmli bəstəkar Fikrət Əmirovun rəğbətini qazanıb və caz dünyasına ilk addımlarını atıb. 

Təhsilini başa vurduqdan sonra özünün caz-instrumental qrupunu yaradan Rafiq Babayev SSRİ turnesinə çıxıb, bir sıra caz festivallarının laureatı olub. 

1965-ci ildə o, özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış “Qaya” caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edildi. Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışdı.

Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görüldü. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələdi. 

Həyat yolu Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayev kimi milli musiqimizin görkəmli simaları ilə kəsişən Rafiq Babayev 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyasını ifa etməklə hamının sevgisini qazandı. 

Və bir il sonra bəhs etdiyimiz terror.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.04.2024)