Xuraman Qasımova: Müğənni olmaq istəyən uşaqların istedadını valideynləri düzgün qiymətləndirməlidirlər

Rate this item
(0 votes)

“Artıq yeni bir nəsil böyüyüb. Yaşlı nəslin nümayəndələri ürəklərində Vətən, torpaq nisgil daşıyırdılar. Mən özüm də 30 ilə yaxın bu ağrı ilə yaşamışam. Şükürlər olsun ki, bizim bu ağrılarımıza son qoyuldu, doğma Qarabağımız yağı tapdağından azad olundu”.
AzərTAC xəbər verir ki, bu sözləri dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən mətbuat konfransında akademiyanın "Solo oxuma və Opera hazırlığı" kafedrasının müdiri, professor, Xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, "Şöhrət", "Şərəf", və "İstiqlal" ordenli Xuraman Qasımova deyib.
“Bu otuz ildə mən bacım Xalq artisti Fidanla bütün dünyanı dolaşdıq. Tam səmimi deyirəm ki, heç yerdə Qarabağın təbiəti kimi gözəlliyə malik ikinci bir yer görmədik. Biz öz vətənimizi sevməsəydik Qarabağa qayıtmazdıq. 30 il ərzində qaçqın, didərgin taleli bir milyondan çox həmvətənimiz çox çətin günlər yaşadı. Amma heç vaxt ümidlərini itirmədilər. Onlar ölkə başçısına da, ordumuza da güvənirdilər. Nəhayət Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz doğma yurdumuzu bizə qaytardı. Müharibə başlayan gündən bütün dünya bizə qarşı çıxdı. Heç bir təşkilatlar bu məsələni həll etmir, yaxud da etmək istəmirdi. Qarabağı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın qəhrəman oğulları azad etdi. Hətta könüllülər dəstəsinə Bakı Musiqi Akademiyasının tələbələri də yazılmışdı. Onların 44 günlük Vətən müharibəsindən sonra bizə danışdığı hadisələri göz yaşlarsız dinləmək olmurdu. Müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsində biz şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”,-deyə Xuraman Qasımova bildirib.
Şuşada “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirildiyini söyləyən Xuraman Qasımova qeyd edib ki, bizə Üzeyir bəyi, Vaqifi, Xurşidbanu Natəvanı, Xan Şuşinskini, Bülbülü və digər böyük dühalar bəxş etmiş bu qədim şəhər Azərbaycanın mədəniyyət paytaxtı kimi bu gün yeni dirçəliş, inkişaf yoluna qədəm qoyub.
Ölkə başçısını 60 illik yubileyi münasibətilə təbrik edən Xalq artisti deyib: “Hər bir azərbaycanlı fəxr edə bilər ki, onun Prezidentinin adı dünyanın qalib sərkərdələri siyahısındadır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev yubileyini qəhrəman dövlət başçısı kimi qeyd edir. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir”.
Sonra jurnalistlərin suallarını cavablandıran Xuraman Qasımova bildirib ki, gərək müğənni olmaq istəyən uşaqların istedadını valideynləri düzgün dəyərləndirsin, onlara düzgün istiqamət versinlər. Qeyd edib ki, uşaqlar vokal sənətinə ciddi yanaşırlarsa 17 yaşından sonra oxumağa başlamalıdırlar. Çünki azyaşlı uşaqların istedadını qiymətləndirmək çətin olur.
Xarici dilləri bilməyin vacib olduğunu deyən X.Qasımova bildirib ki, əvvəllər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsərləri xarici dildə oxumaq ənənəsi vardı. Təəssüflər olsun ki, indi tələbələr italyan, alman, ingilis dillərini yaxşı bilmir. Buna görə də opera sənətinin dünyada daha yaxşı təbliği üçün xarici dilləri mənimsəmək olduqca vacibdir.