Xalq artisti Murad Hüseynov Macarıstandan olan musiqiçilərlə eyni səhnəni bölüşəcək

Rate this item
(0 votes)

Hər il Yeni il bayramı ərəfəsində Macarıstanın Azərbaycandakı səfirliyi, “Nargis” fondu və jurnalının birgə təşkilatçılığı ilə konsert və yarmarkadan ibarət xeyriyyə axşamı keçirilir. Pandemiya səbəbi ilə verilmiş fasilədən sonra növbəti xeyriyyə konserti dekabrın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Artıq ənənəyə çevrilmiş xeyriyyə layihəsi iki dost ölkənin zəngin mədəniyyətini bir səhnədə birləşdirir.
AzərTAC xəbər verir ki, xeyriyyə konsertində Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band səhnəni Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, pianoçu Murad Hüseynovla bölüşəcəklər.
Müxtəlif beynəlxalq mükafatlar laureatı István Pál Macarıstan Dövlət Xalq Ansamblının bədii rəhbəridir. Dünyaca məşhur István Pál Band Karpat bölgəsinin qədim tarixə malik mədəniyyətini orijinal folklor repertuarında yaşadır. Macarıstan Dövlət Xalq Ansamblı və Pál István Band Avropanın bütün mühüm festivallarında xüsusi yer alır, eyni zamanda dünyanın hər nöqtəsində bənzərsiz əsərlərdən ibarət konsert proqramları ilə çıxış edirlər.
Ənənəyə sadiq qalaraq, bilet satışından, həmçinin Filarmoniyanın foyesində təşkil olunacaq xeyriyyə yarmarkasından əldə olunan bütün gəlir Elmi–Тədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Müalicə Mərkəzinə yönləndiriləcək.
Tədbirdə iştirakçıları klassik və folklor musiqi, rəqslər və bol əyləncə gözləyir.
Qeyd edək ki, xeyriyyə konserti və yarmarkası “MOL Group” şirkətinin dəstəyi ilə keçirilir. "MOL Group" mərkəzi ofisi Macarıstanın paytaxtı Budapeştdə yerləşən, Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyasıdır.
Biletləri şəhərimizin kassalarından və iTicket.az saytından əldə etmək olar.