Arif Babayev: “Səsi olmayan qoy gedib mahnı yox, qəzet oxusun” Featured

Rate this item
(0 votes)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Arif Babayevdir. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.

 

“SƏSİM XALQIN ÜRƏYİNƏ YAZILIB”

        

Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, xalq mahnıları, təsniflər və muğamlarımızın mahir ifaçısı, Xalq artisti Arif Babayevin 60 yaşı tamam oldu. Öz təkrarolunmaz səsi və həmişəcavan sənəti ilə o, Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Cabbar Qaryağdıoğlu, Zülfi Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski kimi korifeylərin layiqli davamçısı olan Arif müəllim bu gün onlarla yetirməsi olan muğam məktəbinin başında dayanır. Onun neçə-neçə tələbəsinin səsi dünyanın ən böyük konsert salonlarından gəlir. Bütün sənətsevərlər adından 60 illik yubileyi münasibətilə Arif müəllimi ürəkdən təbrik edir, ona səhnədə həmişə belə şux, gümrah qalmağı arzu edirik.

 

 

-Arif müəllim, təxminən 25-30 il əvvəl xalq arasında bir əfsanə dolaşırdı -  Arif əfsanəsi. Siz özünüz o illəri necə xatırlayırsınız?

 

-O illərdə tərəf müqabili olduğum böyük sənətkarlar var idi – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova... Onlarla bir səhnədə oynamaq nə qədər maraqlı idisə, bir o qədər də şərəfli idi. İndi də opera səhnəsində yaxşı cavanlarımız var. Amma birdən-birə sənətkar olmaq mümkün deyil. Həm də operanın qəribə sirrləri, öz tələbləri var. Yaxşı xanəndə olmaq hələ yaxşı opera müğənnisi olmağa zəmanət vermir. Elə müğənnilər var ki, on-on beş dəfə opera səhnəsinə çıxsalar da, teatrda qala bilmirlər.

 

-Ömrünüzün 60-cı pərdəsindən dönüb geriyə baxanda nə ilə fəxr edirsiniz?

 

-Fəxr edirəm ki, hələ gənc yaşlarımdan böyük sənətkarlarla çiyin-çiyinə işləmişəm. Gələcəyi düşündükcə, tələbələrimizin gələcək sənət uğurlarımı təsəvvür etdikcə, daha böyük iftixar hissi keçirirəm.

 

-Deyirlər ki, insan yaşa dolduqca doğulub-böyüdüyü yerlər onu özünə çəkir.

 

-Kim deyirsə, çox düz deyir. Yaşımın üstünə yaş gəldikcə, məndə də o hisslər baş qaldırır. Allah qoysa, gün gələr, Qarabağ problemi həll olar. Bu arzumuza da çatarıq. Ağdamı, Şuşanı görmək istəyirəm.

 

-Bəs, dönüb geri baxanda nəyə təəssüf edirsiniz?

-Kaş, hər şeyi yenidən başlamaq mümkün olaydı... Xanəndənin bir ən ciddi problemi olur. Yaş artdıqca əldə etdiyi texnika gənclik yaşlarında olmur. Gənclik yaşlarındakı səs isə yaş atrdıqca korşalır. Bu ikisini bir araya gətirmək çətin, bəlkə də, qeyri-mümkündür. Bax, buna təəssüf edirəm.

 

-İlk dəfə sizin haqqınızda yazan jurnalisti xatırlayırsınızmı?

 

-“Azərbaycan gəncləri” qəzetində Şahin Quliyev adlı cavan bir oğlan vardı. Mənim haqqımda ilk dəfə o yazıb. Yazı “Arifə gül verdilər” adlanırdı.

 

-Haqqınızda yazılanları saxlayırsınızmı?

 

-Doğrusunu desəm, belə şeylərlə maraqlanmamışam. Yalnız axır vaxtlar haqqımda yazılanları yığıb saxlamağa çalışıram. İndiki cavanlar bu baxımdan daha çevikdirlər. Bizim nəsil müğənnilərin çoxunun lent yazıları da qalmayıb. Rübabə kimi bir sənətkarın bir tamaşası da lentə alınmayıb. Təsəllimiz odur ki, səsimiz xalqın ürəyinə yazılıb.

 

-Çox-çox illər bundan əvvəl xalq arasında belə bir söz gəzirdi ki, guya qeyri-adi səsinizi batırmaq üçün sizə xüsusi olaraq hazırlanmış içki içiriblər.

 

-Bu, doğru deyil. Allah verən səsi heç kəs batıra bilməz. Səs üç şeydən xarab olur – soyuqdan, yuxusuzluqdan, əsəbilikdən. Allah insana hər şeyi yavaş-yavaş verir, yavaş-yavaş da alır. Hər şeyi verən də odur, alan da. Mənim düşmənim olmayıb. Sənətkar həmkarlarımla həmişə mehriban olmuşam. Odur ki, kiminsə mənim səsimi batırmaq fikrinə düşməsi mümkün deyildi.

 

-Hazırda çoxlu səsi olmayan “müğənnilər” peyda olub. Belələrinə nə demək istərdiniz?

 

-Səsi olmayan qoy gedib mahnı yox, qəzet oxusun. Mənim tələbələrimin içində də bəzən belələri olur. Deyirəm, a bala, niyə gəlmisiniz bura? Yel əsib, qoz tökülüb?

 

-Amma, yəqin ki, razı qaldığınız tələbələriniz də var?

 

-Çox... Aygün Bayramova, Nəzakət Teymurova, Könül Xasıyeva, Könül Kərimova, Gülüstan Əliyeva, Elçin Cəlilov, Qəzənfər Abbasov... Yeri gəlmişkən, bir söz deyim, onsuz da zəng edib bunu Könül Xasıyevaya deyəcəkdim. Son vaxtlar onun səhnə davranışı məni qane etmir, keçib sintezatora, ayaq üstə durub oxuyur. Elə hesab edir ki, guya bununla muğamı müasirləşdirir. Xalq muğamları həmişə müasirdir. Xalq Könülü muğam ifaçısı kimis sevir, ayaq üstə durmağına görə yox.

 

-Sənətçilər arasında öz ustadına kəm baxan nankorlar da olur.

 

-Belələri də var. Onları, məncə, kimsə öyrədir, yoldan çıxarır. Müəllimin kimdir deyə soruşanda görürsən ki, başqasının adını çəkirlər. Neynək, əsas odur ki, yaxşı oxusunlar. Amma əksər tələbələrim məni unutmurlar. Bir yerə qastrola gedəndə gəlib mənim xeyir-duamı alırlar.

 

-Arif müəllim, siz Azərbaycanda “Segah”a möhür vurmuş xanəndə hesab olunursunuz. Muğamlar arasında “Segah”ın sizə daha yaxın olmasının səbəbi nədir?

 

-“Segah” elə bir laddadır ki, həm ağladır, həm xəyala daldırır. Ürəyimi ən çox “Segah”la boşalda bilirəm. “Segah”ı dinləyən adam düşünməyə bilməz. Məncə, bizim xalqın ən çox sevdiyi muğam “Segah”dır. “Segah” Azərbaycan xalqının muğam pasportudur. Bununla bərabət, mən “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-Hindi”, “Rast” muğamlarını da oxumuşam.

 

-Ömrünü sənətə həsr etmiş bir xanəndə kimi muğam sizin üçün nədir?

 

-Muğam qanımız, canımızdır. Muğam ana laylasıdır. Heç kəs deyə bilməz ki, mən muğamı axıra qədər bilirəm. Çünki o sonsuzdur. Əgər kim desə ki, muğamı axıracan bilir, qeyri-təvazökarlıq etmiş olmur.

 

-Həyatınızda ən çox sevindiyiniz gün nə vaxt olub?

 

-Oğlum Yaşar anadan olan gün. Yaşar iki qızdan sonra doğulmuşdu. Mənim üçün qız da, oğul da əzizdir. Yaşar doğulanda ona görə sevindim ki, familiyamı daşıyan olacaqdı. Yaşar indi artıq Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Nə qədər təkid etsək də, hələ evlənmək istəmir.

 

-Sizin şəxsiyyətinizə xalq arasında böyük hörmət var. Bu, hər incəsənət adamına nəsib olmur. Buna necə nail olmusunuz?

 

-Mən hansı evə getmişəmsə, ora öz evim kimi baxmışam. Ağsaqqalların hörmətini saxlamışam. Çünki bilmişəm ki, mənə səsi verən Allah, çörəyi verən xalqdır. Bir sənətkar kimi həmişə özümə hörmət etmişəm. Həmişə xalqın rəyi ilə hesablaşmışam. Fikirləşmişəm ki, xalqın gözü tərəzidir, elin sözü əvvəl-axır düz olur.

 

-Sənətdən uca nə var sizinçün?

 

-Namus, qeyrət, təmiz ad! Bunlar olmasa, sənət bir qara qəpiyə də dəyməz. Ləkəli adla sənətkar olmaqdansa, daş daşımaq yaxşıdır.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Mən yalnız yaxşılığı götürərdim. Çünki nə götürməyimizdən asılı olmayaraq, bizə qalan ancaq yaxşılıq olacaq.

 

-Arif müəllim, sizə bundan sonra da ancaq və ancaq yaxşılıq görməyi və yaxşılıq etməyi arzu edirəm.

 

-Sağ olun.

 

 “Ədəbiyyat və incəsənət”

(04.12.2023)