Sara Qədimova: “Şahın zövcəsi məni şaha qısqanırdı” Featured

Rate this item
(1 Vote)

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Sara Qədimovadır. Onunla müsahibə 1998-ci ilin martında götürülüb.

 

“TÜRK DÜNYASININ ULDUZU”

 

Xalq artisti Sara Qədimova haqqında bu ürəkaçan sözləri Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmrəl dedi və hər birimiz bundan sonsuz qürur duyduq.

 

-Sara xanım, sizin sənətə gəldiyiniz 30-40-cı illərdə qadının səhnəyə çıxması o qədər də asan deyildi. Bu mənada hansı çətinliklərlə qarşılaşmısınız?

 

-Mənim atam qarabağlı idi. Rəhmətliyin ürəyi gedirdi oxumaq üçün. Anamın atası bakılı idi. O, əvvəl səhnəyə çıxmağıma etiraz etdi. Sonra razılaşdı.

 

-Sizcə qızın, qadının səhnəyə çıxmasına münasibətdə dəyişiklik baş veribmi?

 

-İndi nə var səhnəyə çıxmağa? Çox asandır. Az qala küçədən gedəni də dartıb gətirirlər ki, gəl oxu. İş təkcə mahnı oxumaqla bitmir, müğənni gərək savadlı olsun. İndi çoxu musiqi məktəbini bitirməklə özünü müğənni hesab edir. Müğənnilik ilahidən verilən bir vergi olmalıdır.

 

-Deyilənlərə görə, Füzulidən bir neçə saat fasiləsiz qəzəl deyə bilirsiniz...

 

 

 

-Bir neçə saat nədir ki? Lap bir neçə gün də qəzəl demişəm. 1965-ci ildə maşın qəzasına düşmüşdüm. Xəstəxanada yatırdım. Ayaqlarımdan az qala 15 kiloqram daş asılmışdı, orda da Füzulini oxuyurdum:Aşiyanə müğri dil zülfi pərişanındadır, Qanda olsan, ey pəri, könlüm sənin yanındadır.

 

-Nə əcəb, sənət aləmindəki indiki məsuliyyətsizliyə etirazınızı bildirmirsiniz?

 

-Gərək məni bir yerə dəvət etsinlər ki, mən də sözümü deyim. Görürsən ki, televiziyada bir veriliş olur, amma bizi yaddan çıxarırlar. Əvvəllər belə deyildi. Bizim nəsil sənətkarlardan cəmi 5-6 nəfər qalıb. Oxumasaq da, söz deyərik, nəyəsə münasibət bildirərik. Neynək, bəndənin yadından çıxmaq da olar, təki Allahın yadından çıxmayaq.

 

-Sara xanım, axı deyəsən, sizi yaddan çıxarmayıblar... Əgər 30 il bundan əvvəl ifa etdiyiniz mahnını Türkiyə Prezidenti Süleyman Dəmirəl unutmur və sizi rəsmi qaydada öz ölkəsinə dəvət edirsə, buna unudulmaq demək olarmı?

 

-Fəxr edirəm ki, başqa bir ölkənin prezidenti tərəfindən rəsmi qaydada onun ölkəsinə dəvət alan dünyada yeganə müğənniyəm. Süleyman Dəmirəllə görüşəndə, o məni türk dünyasının ulduzlarından biri adlandırdı. Otuz il əvvəl Baş nazir kimi Azərbaycana gələndə ifa etdiyim, - Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim - sözlərini əzbərdən dedi. Bu mənim sənətimə verilən ən yüksək qiymət idi.

 

-Deyilənlərə görə, İran şahı da sizin sənətinizi çox yüksək qiymətləndirirmiş...

 

-İran şahı Məhəmməd Rza məni Tehrana 1944-cü ildə dəvət eləmişdi. Həmin il o hakimiyyətə yenicə gəlmişdi. 26 yaşlı cavan, gözəl bir oğlan idi. Mənimlə bir yerdə İrana gedən musiqiçilər vətənə qayıtdı. Şah mənim daha on gün İranda qalıb konsertlər verməyimi istədi. Və mən qalmalı oldum.

 

-Şah sizi şahanə hədiyyələrlə yola salmış olardı...

 

-Hardan? (incə bir istehza ilə) Biz xoşbəxt ölkənin xoşbəxt vətəndaşları idik. İran şahının hədiyyəsinə ehtiyacımız yox idi. İcazə verməzdilər elə şeyə. Şah mənə gümüş qablar vermişdi.

 

-Şahın zövcəsi Sürəyya xanım şahı sizə qısqanmırdı ki?

 

-Qısqanırdı. Mənim on gün İranda qalmağım hətta şahın sarayında müəyyən söz-söhbətə səbəb olmuşdu.

 

-Efiopiya və İndoneziya kralları, İran şahı, Ukrayna və Türkiyənin  Baş nazirləri... Şahlar sizin sənətinizi bu cür yüksək qiymətləndirib. Nə əcəb, xarici ölkələrdən gələn dəvətlərin birini qəbul edib, ömürlük o yerlərdə qalmadınız?

 

-Şahlar sənətimə diz çöksə də, başıma cəvahir, ləl töksə də, vətənim mənimçün müqəddəs, əvəzedilməzdir. Qastrolda olduğum hər yerdə ilk mahnımı vətən haqqında oxumuşam.

 

-Siz muğamların və xalq mahnılarının ən məşhur ifaçılarındansınız. Hər xanəndənin ən çox müvəffəq olduğu bir muğam olur. Onun adı bu muğamla qoşalaşır. Cabbar Qaryağdıoğlunun “Rast”ı, Xan Şuşinskinin “Şahnazı”, Fatma Mehrəliyevanın “Kəsmə Şikəstəsi”, Arif Babayevin “Segah”ı, Əlibaba Məmmədovun “Hümayun”u, Zeynəb Xanlarovanın “Çahargah”ı, Tükəzban İsmayılovanın “Qatar”ı məşhurdur. Siz hansı muğamı daha çox sevirsiniz?

 

-Səhnəyə “Qatar”la gəlmişəm. Amma ən çox “Segah” sevirəm, bir də “Şur”u. 1963-cü ildə İndoneziyada olarkən 51 ölkənin musiqiçiləri arasında ən çox yeri bizə - tarzan Əlağaya, kamançaçı Tələtə və mənə ayırdılar. Yüz min adam tutan nəhəng stadionda Azərbaycan muğamlarının dinləyicilərə necə sehrli təsir göstərdiyini gözlə görmək lazım idi.

 

-Sara xanım, sizcə ideal qadın necə olmalıdır?

 

-Qadın hər şeydən əvvəl qadın olmalıdır. İstər sənətçi olsun, istərsə də dövlət xadimi. Bu cür düşünmək bizim müsəlman və türklüyümüzdən irəli gəlir. Qadın öz evinin həm xanımı, həm də qulluqçusu olmalıdır. Xörək də bişirməli, qonaq da qəbul etməlidir.

 

-Hansı xörəyi daha yaxşı bişirirsiniz?

 

-(gülür) Bütün jurnalistlər bu sualı verirlər. Bütün xörəkləri yaxşı bişirirəm. Başqaları paxlavanı on lay edir, mən on dörd lay. Bir də ki, onu yeyənlər daha yaxşı deyə bilərlər. İndi sizi qonaq edərəm, görərsiniz.

 

-Qonaqpərvərliyinizə görə sağ olun. Sənətçilərə dövlət qayğısından razısınızmı?

 

-Niyə razı olmayım? Sağ olsun Prezidentimiz, fərdi təqaüdlər müəyyənləşdiriləndə məni də unutmayıb. Mən Respublika Mədəniyyət fondunun sədri Kamal Abdullayevdən (Abdulla – red.) çox razıyam. O biz sənətkarlara qarşı çox həssas münasibət göstərir. Mən də bir çoxları kimi Respublika Mədəniyyət Fondundan hər ay 40 min manat təqaüd alırdım. Prezidentin fərdi təqaüdləri müəyyənləşdirməsindən sonra Mədəniyyət Fondunun yardımından könüllü imtina etdim.

 

-Bir neçə dəfə ailə qurmusunuz. Bunlar nədən irəli gəlirdi?

 

-Birinci həyat yoldaşım yaşca məndən çox böyük idi. Mən evin böyük qızı idim. Valideynlərim vəfat etmişdi. Məndən balaca bacı-qardaşlarıma himayədarlıq edən, ağsaqqal bir adama ehtiyacım var idi. Özümdən xeyli yaşlı kişi ilə ailə qurmağım bununla bağlı idi. Ondan oğlumuz Vaqif dünyaya gəldi və biz ayrıldıq. İkinci həyat yoldaşım cavan, həyatsevər, yaraşıqlı bir kişi idi. Onunla sevib ailə qurmuşdum. Böyük bir mağazanın müdiri idi. Sovet dövründə bu çox gəlirli vəzifə hesab olunurdu. Pula pul demirdi. Pulu axşam mənə verir, sabah heç haqq-hesab da eləmirdi. Bir pis cəhəti var idi ki, içən idi. Buna görə aramızda söz-söhbət olurdu. O, mağazadakı yeyinti üstündə həbs edildi və on il azadlıqdan məhrum edildi. Həbsdən çıxandan sonra isə artıq çox gec idi. Bir dəfə onu Mədəniyyət nazirliyinin koridorunda gördüm. Məni uzaqdan görüb, üzünü pəncərəyə tərəf çevirdi. Bildim ki, utanır, yaxınlaşmadım. İkinci evliliyimdən oğlum Akif dünyaya gəldi.

 

-Oğlunuz Akif İslamzadə məşhur müğənnidir, amma heç bir intervyüsundə sizin adınızı çəkmir.

 

-Biz bir-birimizə söz vermişik ki, müsahibələrdə nə o mənim adımı çəksin, nə də mən onun. İndi söz-sözü çəkdi, heç özüm də fərqinə varmadan onun adını çəkdim.

 

-Bəstəkar Tofiq Quliyev bir dəfə televiziyada sizin haqqınızda dedi ki, Sara o qədər gözəl idi ki, tamaşaçı onun mahnısına qulaq asa bilmirdi, çünki gözəlliyinə tamaşa edirdi. Gözəl bir xanım kimi plastik cərrahiyyə əməliyyatına münasibətiniz necədir?

 

-Məncə, Allah insana nə gözəllik veribsə, ona qane olmalıdır.

 

-Bu gün siz musiqidə, xüsusilə də, muğam ifaçılığında ustad sənətkarsınız. Muğama yeni gələn gənclər sizi razı salırmı?

 

-Muğam oxuyan qızlar, qadınlar gərək geyimlərinə fikir versinlər. Cavanlardan Səkinə İsmayılovanın geyimi, səhnə davranışı məni çox razı salır. Estrada müğənnisi üçün sinəsi açıq oxumaq olar və o baxılar da. Məsələn Brilyant Dadaşova. Amma bu muğam oxuyanlara yaramaz.

 

-Deyilənlərə görə, 1963-cü ildə maşın qəzasına Brilyant xanımın anası ilə birlikdə düşmüsünüz.

 

-Brilyantın anası qarmonçalan idi. Birlikdə toylara gedirdik. Bir dəfə bir yerdə maşınla bağdan şəhərə qayıdanda qəzaya düşdük. Brilyantın anası dünyasını dəyişdi. Məni isə xəstəxanaya götürdülər. Bir neçə aylıq müalicədən sonra evə qayıtdım. Allah rəhmət eləsin. Yaxşı sənətkar idi.

 

-Brilyant xanımın ilk dəfə sizin oğlunuz Akiflə səhnəyə çıxması bu ailəvi dostluq ənənəsindən irəli gəlirdi?

 

-Onlar uşaqlıqdan bir yerdə böyümüşdülər. Brilyant çox utancaq idi. Onlar dörd bacıdır. Onların arasında ən məşhuru Brilyant oldu. Akif onun musiqi istedadını görüb, onunla duet oxudu və onu ilk dəfə televiziyaya çıxardı. Sənətinə sevgisi, məsuliyyəti Brilyanta səhnədə uğur qazandırdı. İnanıram ki, onun əsil uğurları hələ qabaqdadır.

 

-Bəs, gənc muğam ifaçılarından kimin ifası xoşunuza gəlir?

 

-Son vaxtlar məni valeh edən Aygün Hümbətova olub.

 

-Gənc qızlara məsləhətiniz nədir?

 

-Ağıllı olsunlar. Həyat yoldaşlarının qədrini bilsinlər. Ailədə təmkinli və səbrli davransınlar. Arzum budur ki, gənc müğənnilər bir-biriləri ilə gözəl rəftar etsinlər.

 

-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?

 

-Mən Şuşadan, Cıdır düzündən bir ovuc torpaq götürərdim.

 

-Sara xanım, sizə Şuşalı, Qarabağlı günlərimizi görmək arzu edirəm.

 

-Çox sağ olun.

 

 “Ədəbiyyat və incəsənət”

(29.11.2023)