Bu gün Azər Dadaşovun yubiley tədbirləri keçiriləcək

Rate this item
(0 votes)

Dekabrın ilk ongünlüyündə Azərbaycan Bəstəkarlar İttifaqının iş planı tədbirlərlə zəngindir. Belə ki, ittifaq Azərbaycanın görkəmli bəstəkarının - Tofiq Bakıxanovun 90 illik və Azər Dadaşovun 75 illik yubileylərini qeyd edir.
Bu gün Xalq artisti, professor Azər Dadaşovun 75 illiyi Azərbaycan Bəstəkarlar İttifaqında elmi konfrans və konsert proqramı ilə qeyd olunacaq.
Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasının məzunu olub, böyük bəstəkarımız Qara Qarayevin tələbəsi olmuşdur. A.Dadaşov xüsusilə simfonik, kamera-instrumental və xor musiqisi sahəsində Azərbaycan musiqisinə böyük töhfələr verib. O, 14 simfoniyanın, müxtəlif janrlı simfonik və kamera-instrumental əsərlərin müəllifidir. Onu da qeyd etmək lazımdır ki, A.Dadaşov müasir dövrdə yeganə bəstəkardır ki, onun böyük miqdarda fortepiano əsərləri musiqi təhsili ocaqlarında tədris proqramlarında mühüm yer tutaraq, dönə-dönə konsertlərdə ifa olunur. Təsadüfi deyil ki, mütəmadi olaraq, respublikanın musiqi məktəbləri arasında A.Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçılarının müsabiqəsi keçirilir.
Həmçinin bu il Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən A.Dadaşovun vətənpərvərlik mövzusunda xor əsərlərinin ifaçılarının onlayn müsabiqə-festivalı da təşkil olunub. Pandemiya şəraitini nəzərə alaraq, A.Dadaşovun 75 illiyinə həsr olunmuş yubiley tədbirində xor kollektivlərinin kiçik tərkibdə iştirakı, kamera-instrumental əsərlərin ifaçılar tərəfindən səsləndirilməsi, eyni zamanda, musiqişünas-alimlərin bəstəkarın yaradıcılığı haqqında müxtəlif səpkili elmi araşdırmaları təqdim olunacaq.