Görkəmli bəstəkar Tofiq Bakıxanovun yubiley tədbirləri keçiriləcək

Rate this item
(0 votes)

Dekabrın ilk ongünlüyündə Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycanın görkəmli bəstəkarı Tofiq Bakıxanovun 90 illik yubileyi ilə bağlı geniş proqram hazırlayıb.
Dekabrın 1-dən 8-dək Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Onu da qeyd edək ki, T.Bakıxanovun 90 yaşı 2020-ci ildə pandemiya dövrünə təsadüf etdiyinə görə təxirə salınmış və bu il geniş surətdə qeyd edilir.
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda görkəmli tarzən-pedaqoq Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib. O, uşaq yaşlarından skripka alətində təhsil almağa başlayır və öz çalğısı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini cəlb edərək, onun xeyir-duası ilə böyük sənətə qədəm qoyur, keçmiş sovet məkanında istedadlı skripka ifaçısı kimi tanınır. Azərbaycan Dövlət Konservatoriyasında T.Bakıxanov zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin bəstəkarlıq sinfində təhsil alır, onun ənənələrini dərindən mənimsəyərək, özünəməxsus musiqi üslubu ilə diqqəti cəlb edir.
T.Bakıxanov üç birpərdəli baletin, üç musiqili komediyanın, 8 simfoniyanın, 5 simfonik muğamın, müxtəlif çalğı alətləri üçün 24 konsertin, çox saylı simfonik, kamera-instrumental və vokal əsərlərin müəllifidir. Onun müxtəlif janrlı, rəngarəng məzmunlu əsərləri ifaçıların repertuarına daxil olaraq, həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda (Fransa, Rusiya, Türkiyə, Kipr, İran və s.) teatr və konsert salonlarının bəzəyi olub.
Bəstəkarın 90 illiyi ilə əlaqədar keçirilən festivalın proqramı rəngarəngdir. Dekabrın 1-də Milli Kitabxanada T.Bakıxanovun anadan olmasının 90 və yaradıcılıq fəaliyyətinin 70 illiyi ilə bağlı not nəşrləri və kitablarından ibarət sərgi olacaq. Dekabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında iki balet - “Xəzər balladası”, “Xeyir və Şər” nümayiş olunacaq. Dekabrın 6-da və 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında iki tədbir - T.Bakıxanovun kamera-instrumental əsərlərindən, həmçinin tar və fortepiano üçün əsərlərindən ibarət konsert səslənəcək. Dekabrın 7-də isə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Tofiq Bakıxanovun Fortepiano və skripka üçün birinci konsertinin nəşrinin təqdimatı, eləcə də bəstəkarın 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.