Studiyasız musiqimiz bir yana çıxa bilmir… Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı 

Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin musiqimizin problemləri ilə bağlı dəyərli fikirlərini təqdim edir. Tanınmış musiqi xadimi bir nömrəli problem kimi studiyasızlığı göstərir. 

 

Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir.

Elementar bir şeyi deyim, Azərbaycanın himni İngiltərədə yazılıb. O 3 dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik. 

Qeyd edim ki, yaxşı keyfiyyətli səsyazma studiyasından əvvəl ölkədə yaxşı səs rejissorları  olmalıdır, onları yetişdirməliyik. Əvvəllər bizim səs rejissorlarımızın əksəriyyəti bəstəkarlar idi. Onlar xarici ölkəyə gedərək, bunun məktəbini öyrənir, daha sonra vətənə geri qayıdaraq, onu tətbiq edirdilər. Bu bir sənətdir. Əlbəttə, yaxşı avadanlıq da olmalıdır, amma qeyd etdiyim kimi, ilk öncə yüksək səviyyəli səs rejissorları yetişdirməli, onları oxutdurmalıyıq.

Azərbaycanda, Bakı şəhərində demək olar ki, böyük orkestr üçün studiya yoxdur. Ola bilsin ki, studiya var, amma lazımi avadanlığı yoxdur. Avadanlıqdan başqa səsyazma studiyasında mikrofonlar olmalı, həmçinin nöqtələr olmalıdır ki, hansı ifaçı harada oturmalıdır və sairə. Bu, böyük, nəhəng prosesdir və onu etmək lazımdır.

Şəxsən mən bu yaxınlarda “Zəfər” simfonik poemasını yazmışam və onu çox çətinliklə səsyazma studiyasında “Youtube” üçün yazdırmışam. Ona görə ki, 100 il keçsə belə, əsərim “Youtube”də qalsın və bu əsəri axtarıb, dinləmək hər kəs üçün əlçatan olsun. Yəni not öz yerində, amma bunu səsləndirmək və studiyada yazdırmaq lazımdır. İstər-istəməz notlar illər keçdikdən sonra saralır, köhnəlir, amma onu yazdıranda ömürlük qalır.

Beləliklə, son əsərimi çox çətinliklə yazdırdım. Çünki bütün xor eyni zamanda studiyaya girə bilmir, onların səsini eyni vaxtda yazmaq olmur. Ona görə də hər dəfə  4 və yaxud 5 nəfər olaraq, bu səsləri yazdıq. Amma avadanlıq olsaydı, bütün bunları cəmi 4-5 dəfəyə yazmaq olardı. Yəni təsəvvür edin, biri var ki, orkestr girsin, 4-5 dəfəyə səs yazılsın, biri də var ki, ifaçılar 2-3 nəfər olaraq girib, səsləri yazdırırlar. Bu, çox çətin prosesdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)