Bəstəkarlar İttifaqında “Nizami və musiqi” adlı konsert proqramı təqdim edilib

Rate this item
(0 votes)

Azərbaycan Bəstəkarlar İttifaqında Bakı Musiqi Akademiyasını yeni bitirmiş gənc bəstəkarların, Nizami poeziyasına həsr olunmuş müsabiqənin qalibləri və laureatlarının kamera-vokal əsərlərindən ibarət “Nizami və musiqi” adlı konsert proqramı keçirilib.
AzərTAC xəbər verir ki, konsert proqramından əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı təmsil etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar olaraq, il ərzində Bəstəkarlar İttifaqında Nizami Gəncəviyə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilib. Respublikanın aparıcı musiqişünaslarının iştirakı ilə “Nizami və musiqi” mövzusunda keçirilmiş üç elmi konfransda Nizami poeziyası ilə musiqinin qarşılıqlı əlaqəsini geniş aspektdə əks etdirən tədqiqatlar təqdim olunub. Bu konfranslarda dahi şairin yaradıcılığından ilhamlanan Azərbaycan bəstəkarlarının yeni əsərləri səslənib. Habelə Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilmiş Nizaminin sözlərinə “Qəzəl-Romans” müsabiqələrində Azərbaycan bəstəkarlıq məktəbinin müxtəlif nəsil nümayəndələri iştirak edib, müsabiqənin laureatlarının adları artıq ictimaiyyətə bildirilib və əsərlər ifa edilib.
İttifaqın sədri diqqətə çatdırıb ki, Nizaminin 880 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilməsi, müxtəlif janrlarda yeni musiqi əsərlərinin yaranmasına impuls verib. Bu janrlar içərisində bilavasitə Nizaminin sözü ilə bağlı olan, səs ilə instrumental müşayiət üçün yazılmış vokal əsərlər mühüm yer tutur. Sevindirici haldır ki, bu prosesə gənc bəstəkarlar da fəal şəkildə qoşulub.
Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Nizamişünaslıq” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova çıxış edərək gənc bəstəkarların əsərləri haqqında öz təəssüratlarını bölüşüb.
Konsertin proqramına Respublika Təhsil Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilmiş “Nizami-Romans” müsabiqəsində iştirak etmiş gənc bəstəkarların (18-35 yaşadək) Nizami Gəncəvinin qəzəllərinə yazılmış ən yaxşı kamera-vokal əsərləri daxil edilib. Həmin müsabiqənin münsiflər heyətinə rəhbərlik etmiş Xalq artisti professor Firəngiz Əlizadənin təşəbbüsü ilə bu konsert gerçəkləşib.
Sonra tədbir Nizami Gəncəvinin sözlərinə 8 müəllifin romansı təqdim olunub.