“Hep aklımda kalacaksın.." - BİR MAHNININ TARİXÇƏSİ Featured

Rate this item
(12 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Elfida, sen eski bir şarkısın

Elfida, beni fark etme sakın

Omzumda iz brakma yüküm dünyaya yakın

Elfida, hep aklımda kalacaksın 

 

İnsan bəzən iç dünyasında yaşadıqlarını və hər düşüncəsini açıq bir şəkildə, doğrudan dilə gətirib ifadə edə bilmir. Bunun üçün isə hər insanın haqlı-haqsız özünə görə bir çox səbəbləri olur.

Amma eyni zamanda da insan içində yaşadıqlarını, hiss etdiklərini, düşüncələrini doğrudan olmasa belə daim bir şəkildə ifadə etmək ehtiyacı duyur. Bir nəbzə də olsa ruhuna ağırlıq edən mənəvi yüklərini bir yolla içindən atmaq və bununla da arınmaq, rahatlamaq istəyir. 

Və belə məqamlarda çox zaman insanların köməyinə ədəbiyyat və incəsənət gəlir.

Məsələn, kimisi çəkdiyi rəsmlərlə, kimisi bəstələdiyi musiqilərlə ifadə edir öz hisslərini.

Və kimisi də belə məqamlarda bədilliyin arxasına sığınmağı seçir. 

Buna misal olaraq türk sənətçisi Haluk Leventin "Elfida" adlı mahnısını qeyd edə bilərik.

"Səni yazmağa nə vadar etdi, yazmağına nə səbəb oldu"-, kimi suallara cavab olaraq da mən hər zaman Elfida əsərinin hekayəsini misal çəkmişəm.

Hər nə qədər sevgi mahnısı kimi anlaşılıb sevilsə də “Elfida” mahnısının çox fərqli bir hekayəsi var əslində.

Haluk Levent  bu mahnını xərçəng xəstəliyindən əziyyət çəkən Beyzanur adlı 4 yaşlı bir qız üçün yazıb.

Beyzanurun xəstəliyindən və ailəsinin çətin vəziyyətindən xəbər tutan müğənni  3-4 il boyunca onun sağalması üçün əlindən gələn hər şeyi edir. Lakin bir gün həkimlər ona Beyzanurun vəziyyətinin çox ağır olduğunu və artıq ondan ümidi kəsib vazkeçməsini, onu gözdən çıxarmasını söyləyirlər. Özü də o vaxtlar ağır günlər keçirən, şirkətləri batmış Haluk Levent bu kədərli xəbərlə sarsılır. Həmin vaxt Haluk Leventin yanında musiqiçi dostu Emrah Aydoğdu da olur. Emrah Aydoğdu Haluk Leventə Osmanlıcada vaz keçilən, gözdən çıxarılan qadınlara “Elfida” deyə xitab olunduğunu söyləyir.

Və bu məlumatı öyrəndikdən sonra Haluk Levent Beyzanuru düşüniərək “Elfida” mahnısının sözlərini qələmə alır. Mahnını yazar-yazmaz da xəstəxanaya gedib balaca Beyzanura oxuyur. Amma kiçik qız mahnını ona yazıldığından xəbərsiz dinləyir.

Haluk Levent mahnının sözlərində

"Elfida beni terk etme sakın" cümləsi yerinə 

"Beni fark etme sakın" deyə yazır.

"Omzumda iz bırakma" cümləsində isə özünün də o aralar çətin günlər keçirdiyini ifadə edir. Yəni bir də sən getmə deyir.

"Kim bilir kaç yüz yıldır sarılmamış kolların"  misrası isə ailəsinin uzun illər Beyzanuru doya-doya qucaqlaya bilməməsini ifadə edir.

Haluk Levent hər nə qədər onun üçün əlindən gələn hər şeyi etsə də təəssüfki Beyzanur 8 yaşında dünyasını dəyişir və müğəninin dediyinə görə ailənin daha sonralar bir qız övladları daha olur və Haluk Leventin istəyi ilə onun adını Elfida qoyurlar. 

" Kim bilir kaç yüzyıldır sarılmamış kolların " 

" Beni fark etme sakın " 

" Omzumda iz bırakma yüküm dünyaya yakın  "

" Hep aklımda kalacaksın " 

Və “Elfida” mahnısının buna bənzər bir neçə misrası..

 

Bəzən qurduğumuz cümlələrin ətrafımızdakıların dərk etdiyindən daha böyük və daha dərin mənaları olur əslində.

Lakin bəzən anlaşılır bu mənalar,  bəzən isə önəm verilmir, keçilir üstündən və anlaşılmır.

Və bəzən də içimizdə daşıdığımız, fəqət dilə gətirə bilmədiyimiz duyğu və düşüncələrmizi simvolik, şərti, sətiraltı mənayla qələmə alıb bədiiliyin arxasında gizlədərək ifadə edirik.

Eynilə Haluk Leventin “Elfida” mahnısında

misraların arxasında gizlətdiyi dərin mənalar kimi.. 

 

Şımartılmamış aşkın sessizliğe yakın

Kim bilir kaç yüz yıldır sarılmamış kolların

Sisliydi kirpiklerin ve gözlerin yağmurlu

Yorulmuşsun, hakkını almış yılların 

 

Elfida, bir belalı başımsın

Elfida, beni fark etme sakın

Omzumda iz brakma yüküm dünyaya yakın

Elfida, hep aklımda kalacaksın 

 

Xoş dinləmələr!

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)