Xalq artisti Tələt Qasımovun anadan olmasının 90 illiyi qeyd edilib

Rate this item
(0 votes)

Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli xanəndə, Xalq artisti Tələt Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə Muğam Mərkəzi mediaya açıqlama verib. 

 

Tədbirdə əvvəlcə xanəndənin ifasından ibarət videoçarx nümayiş olunub.

Sonra filologiya elmləri doktoru, professor Vüqar Əhməd çıxış edərək sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Milli Məclisin deputatı Ziyad Səmədzadə, Xalq artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev və sənət dostları çıxışlarında qeyd ediblər ki, yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Tələt Qasımov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Vurğulanıb ki, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbindən ustad xanəndə kimi püxtələşmiş Tələt Qasımov sənətdə öz ənənələrini yaradıb.

 

Xatirə gecəsi xanəndənin repertuarından ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, BMM-nin solistləri Mirələm Mirələmov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Almaxanım Əhmədlinin ifaları dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2023)