“Aşiq dərsləri” seriyasından növbəti disk çıxıb

Rate this item
(0 votes)

Azərbaycan Aşıqlar Birliyində “Aşıq dərsləri” adlı yeni layihəyə start verilib.
Aşıqlar Birliyindən AzərTAC-a bildirilib ki, ilk dəfə olaraq həyata keçirilən bu layihədə əsas məqsəd aşıq sənətini öyrənmək istəyən yeniyetmə və gənclərə, bu sahədə təhsil alan şagird və tələbələrə yardımçı olmaqdır. Yeddi audiodiskdən ibarət olacaq layihə çərçivəsində sadədən mürəkkəbə doğru olmaqla hər aşıq havasının özünəməxsus incəlikləri, öyrədilməsi yolları və s. ustad aşıqların ifasında lentə alınaraq təqdim olunacaq. Hər diskdə ən azı 3 aşıq havası yer alacaq və hər hava günümüzün bir tanınmış ustad aşığı tərəfindən bütün xırdalıqlar incələnməklə təqdim olunacaq.
Eyni zamanda, həmin aşıq havaları əvvəlki ustad aşıqların ifasında da həmin diskdə təqdim olunacaq ki, bu da gənclər üçün ayrılıqda hər bir havanın müxtəlif aşıq mühitlərində necə ifa olunması və böyük ustadların yaradıcılığı ilə daha yaxından tanış ola bilmələri üçün əlavə imkanlar açacaq.
Artıq işıq üzü görmüş ilk disk ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi Ağamurad Şirvanlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Qələndər Zeynalovun ifasında “Şirvan gözəlləməsi”, “Dübeyti” və “Şahsevəni” havalarının öyrədilməsinə həsr olunub. Diskdə, eyni zamanda, həmin havaların vaxtilə görkəmli sənətkarlar Pənah Pənahov, Əkbər Cəfərov, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Məmmədağa Babayev və İsfəndiyar Rüstəmovun ifasında yazıya alınmış lent yazıları da yer alıb.