Kamera musiqisi axşamı zövq oxşadı

Rate this item
(0 votes)

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Azərbaycan Dövlət Fortepiano Triosunun “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.

 

Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə Əməkdar artistlər Töhfə Babayeva (violin), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimovanın (cello) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Trionun tərkibinə Azərbaycanın Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.

Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarların əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə (Rusiya, Türkiyə, Almaniya və s.) uğurla çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2023)