Bakı Caz Festivalı oktyabrın 6-da başlayacaq

Rate this item
(0 votes)

 

Dörd gündən sonra - oktyabrın 6-da Bakı Caz Festivalının açılışı olacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də festival öz zəngin proqramı ilə bakılıları və şəhərin qonaqlarını sevindirəcək.

 

Oktyabrın 8-dək Dənizkənarı bulvarda konsertlər olacaq. Yerli ifaçılarla yanaşı, bu konsertlərdə Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər çıxış edəcəklər. Bütün bu günlər ərzində təşkil olunacaq yarmarkalara gələnlərə ləziz yeməklər, 360° foto, art-hissə, DJ GRAF musiqisinin sədaları altında rəqs təklif ediləcək. Bununla yanaşı, tanınmış JAZZANOVA frank-qrupu amerikalı DJ Amir ilə birlikdə çıxış edəcək.

 

Eyni zamanda, festivalın əsas meydançası Beynəlxalq Muğam Mərkəzi olacaq. Burada oktyabrın 9-dan 15-dək 15 ölkədən olan musiqiçilər xüsusi proqramla çıxış edəcəklər. Onların arasında məşhur “Qremmi” mükafatının namizədləri və laureatları amerikalı caz ifaçısı və reper Teo Kroker ilə kolumbiyalı arfaçı və bəstəkar Edmar Kastanyedanın dueti, habelə İsveçrədən olan ifaçı Qrequar Marenin ifası olacaq.

 

Oktyabrın 14-də - şənbə günü Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq.

 

Bakı Caz Festivalının proqramı olduqca zəngindir. Bu çərçivədə “I am Jazzman!” Beynəlxalq gənc caz ifaçılarının müsabiqəsi, Fuad Axundovun iştirakı ilə “Jazz & Vinyl” adlı tədbir, “Qremmi” mükafatı laureatları ilə görüşlər, rəssam Eldar Qurbanovun “Jazz Colors” sərgisi və “Abray Dyurso” şərabının dequstasiyası təşkil olunacaq.

 

Qeyd edək ki, Bakı Caz Festivalı ilk dəfə 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın Əməkdar artisti Rain Sultanovun təşəbbüsü ilə keçirilib və builki festival sayca 18-ci olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2023)