ADA Universitetində Bakı Kamera Orkestrinin konserti olub

Rate this item
(0 votes)

Sentyabrın 26-da ADA Universitetində Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və universitetin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı Kamera Orkestrinin konserti olub.

 

AzərTAC xəbər verir ki, təhsildə yenilikçi olan ADA Universiteti hələ bir neçə gün əvvəl festival çərçivəsində təşkil ediləcək tədbirlə bağlı tələbələrinə “Mədəniyyət Nazirliyi ilə birgə dünyaşöhrətli bəstəkarımızın əbədiyaşar irsinə həsr olunmuş xüsusi tədbir keçirəcəyik. Görkəmli bəstəkar və Azərbaycan klassik musiqisinin atası Üzeyir Hacıbəylinin yazdığı musiqi şedevrlərinin dərin təsirini hiss edin”,- deyə müraciət edib.

 

Gənc və istedadlı dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, Atəş Qarayev (vokal), Arzu Əliyeva (xanəndə), Emil Bağırov (klarnet) universitetin müəllim və tələbə heyəti qarşısında çıxış ediblər.

 

Qara Qarayevin “Matəm odası” əsəri Qarabağ şəhidlərimiz üçün səsləndirilib.

 

Proqramda Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, “Sevgili canan”, Niyazinin “Laylay”, A.Əlizadənin “Cəngi”, A.Məlikovun “Noktürn”, Q.Qarayevin “İki rəqs” əsərləri təqdim olunub. Konsert proqramı F.Əmirovun “Nizami” simfoniyası ilə yekunlaşıb.

 

Konsertdə qəhrəmanlığa çağıran cəngi sədaları da səslənib.

 

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir.

 

ADA Universitetinin İctimaiyyətlə əlaqələr, kommunikasiya və rəqəmsal məzmun üzrə meneceri Şəbnəm Məhərrəmova bildirib ki, konsertdə ADA Universitetinin tələbələri, müxtəlif qurumları təmsil edən qonaqlar, bir sözlə musiqisevərlər iştirak ediblər.

 

Qeyd edək ki, Bakı Kamera Orkestrinin bədii rəhbəri Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylidir.

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)