Moskvadakı Çexov festivalında Alim Qasımov Azərbaycan muğamı səsləndirdi

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Rusiyanın TASS agentliyinə istinadən məlumat verir ki,
A.P.Çexov adına XV Beynəlxalq teatr festivalının təşkilatçıları rus tamaşaçılarını Azərbaycan muğam sənəti ilə tanış etmək üçün Xalq artisti Alim Qasımovu ansamblı ilə birgə Moskvaya qastrol səfərinə dəvət edib. İyul ayının 3-də və 4-də
tamaşaçılar Moskva beynəlxalq musiqi evinin səhnəsində klassik poeziya nümunələrinə bəstələnmiş “Dünya sevgi üzərində qurulub” kompozisiyasını dinləmək imkanı əldə ediblər. Alim Qasımov və qızı Fərqanə Qasımova mükəmməl ifaları ilə tamaşaçıları heyran qoyublar.
Festivalın mətbuat xidməti bildirir:
“Muğam XVII əsrin ortodoksal poetik mətnləri üzərində yazılmış, ilahi sevgini tərif edən Azərbaycanın ənənəvi ecazkar musiqisidir. Rus dilində bu mətnləri Rimma Kazakova və Yevgeniy Yevtuşenkonun tərcüməsində oxumaq olar”.
Alim Qasımovun tanıtım listəsini isə təşkilatçılar bu cür hazırlayıblar:
“Muğam 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu gün dünyada ən məşhur muğam ifaçısı Alim Qasımov hesab olunur. Onun ifa tərzi unikaldır, o, muğamın çoxəsrlik, həmçinin caz və müasir kompozisiya kimi müxtəlif janrların mürəkkəb və yenilikçi qaydalarına söykənən, dərin biliklərə malik bir ifaçıdır.”