Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində vokal musiqisi axşamı keçirilib

Rate this item
(1 Vote)

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük şairin 880 illik yubileyinə həsr olunmuş tədbirlərdən ibarət Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir.
Mədəniyyət Nazirliyinin məlumatına görə, noyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində festivalın Bakı şəhərində ilk tədbiri – vokal musiqisi axşamı təşkil olunub.
Konsertdən öncə mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq bildirib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin – Nəsiminin, Nizaminin adı ilə əlamətdar illərin elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizə nə qədər böyük diqqət və qayğının olduğunu nümayiş etdirir: “Onların yaratdığı ölməz əsərlər ölkəmizdə və xaricdə təbliğ edilir. Hər bir cəmiyyətin inkişafına, onun fəlsəfi inkişafına böyük mütəfəkkirlərin təsiri olur. Nizami Gəncəvi o dahilərdəndir ki, Azərbaycan fəlsəfi fikrinin və milli dəyərlərinin dünyada tanıdılmasına xidmət edib. Nizaminin XII əsrdəki humanist ideyaları XXI əsrdə də aktualdır”.
Nazir Nizaminin yaradıcılığının Azərbaycanın və Yaxın Şərqin mədəniyyət və incəsənətinin müxtəlif sahələrinə təsirindən söz açıb. Qeyd edib ki, dahi şairin lirikası, poemalarının müxtəlif süjetləri rəssamlıq, musiqi, teatr, balet və başqa sahələrin inkişafına töhfələr verib.
Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Festivalı haqqında da məlumat verib, bildirib ki, festival çərçivəsində 15-26 noyabr tarixlərində Bakı və Gəncə şəhərlərində bir sıra tədbirlər – elmi konfranslar, teatr tamaşaları, konsertlər, kitab və rəsm sərgiləri keçiriləcək: “Zəngin proqrama malik festivalın Beynəlxalq Muğam Mərkəzində təşkil edilən ilk konserti Nizaminin sözlərinə yazılmış vokal əsərlərin təqdimi ilə başlayır. İnanıram ki, dahi Nizaminin sözlərinə Azərbaycanın görkəmli bəstəkarlarının yazdıqları əsərlər bu gün konsertə gələn hər kəsdə xoş ovqat yaradacaq”.
Daha sonra konsert proqramı təqdim edilib. Proqramda Üzeyir Hacıbəyli, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Süleyman Ələsgərov, müasir bəstəkarlar Dilşad Əliyeva, Pikə Axundova, Ceyhun Allahverdiyev və Gülnaz Abdullazadənin Nizaminin sözlərinə bəstələdikləri əsərlər səsləndirilib. Xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Əməkdar artist İlham Nəzərovu konsertmeysterlər Svetlana Əhmədova, Dilşad Əliyeva və Ülviyyə Kazımova müşayiət edib.
Gecədə Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası Tələbə xorunun çıxışı da maraqla qarşılanıb.