Gürcüstanda “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı sərgi açılıb

Rate this item
(0 votes)

Gürcüstanın Bolnisi rayonunda “Qafqaz” Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.

 

Sərgi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində gerçəkləşib.

AzərTAC xəbər verir ki, eyniadlı sərgi elə həmin gün Marneuli rayonunda da açılıb. Buradakı sərgi Marneulidəki “Azərbaycan Evi” və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatı dəstəyi ilə reallaşıb.

Sərgiləri ziyarət edən gənclər arasında fotolar vasitəsilə Şuşa musiqiçiləri və Şuşanın mədəni irsi haqqında məlumatlılıq artırılıb, sərgi iştirakçılarına layihə çərçivəsində hazırlanmış açıqcalar paylanılıb. 

Qeyd edək ki, UYD İctimai Birliyi “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda” adlı beynəlxalq fotoqrafiya layihəsini həyata keçirib. 

Gənclər Fondunun “Şuşa İli” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi, mədəni irsi, erməni vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın fotolar vasitəsilə artırılaraq həyata keçirilməsi ideyasına xidmət edir.

Məqsəd Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əks etdirən fotolardan ibarət 9 sərginin açılması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2023)