Beynəlxalq Frankofoniya Festivalında Azərbaycana dair fotosərgi nümayiş olunub

Rate this item
(0 votes)

Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ənənəvi olaraq Sozopol şəhərində Bolqarıstanın vitse-prezidenti İliyana Yotovanın himayəsi altında keçirilən “Soleil” 12-ci Beynəlxalq Frankofoniya Festivalında fotosərgi ilə iştirak edib.

 

Bu barədə Azərbaycanın  Bolqarıstandakı səfirliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, Mərkəzin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 105, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 və BSU-nun Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illik yubileylərinə həsr olunub. 

Festival çərçivəsində Sozopol şəhərinin qədim hissəsində yerləşən Muzey Mərkəzində “Azərbaycanın tarixi səhifələri: Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-сi ildönümü” adlı forosərgi təqdim olunub. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair fotolar və sənədlər nümayiş etdirilib.

Azərbaycan gecəsində Sozopol meriyasının, Bolqarıstan, Fransa, Yunanıstan, Rumıniya, Albaniya, Portuqaliya, Makedoniya və digər ölkələrin nümayəndələri, KİV təmsilçiləri, şəhər sakinləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan festivalın direktoru Aleksandrina İsaylova Bolqarıstanda Azərbaycanın qədim və zəngin tarixi haqqında çox az məlumat olduğunu söyləyərək, sərginin tədbirin qonaqları arasında çox böyük maraq doğurduğunu qeyd edib.

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska çıxışında müsəlman Şərqində ilk demokratik, dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun əsas nailiyyətlərindən, Cümhuriyyətin nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən və respublikanın de-fakto tanımasından danışıb. Qeyd edilib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC qısa müddətdə ciddi uğurlar qazanıb, dövlətçilik ənənələrinin təməlini qoyub, Qərb ölkələrindən xeyli əvvəl qadınlara seçki hüququ verib, təhsil sahəsində bir sıra islahatlar həyata keçirib. 

Diqqətə çatdırılıb ki, Cümhuriyyətin varisi olan müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu parlaq və uzaqgörən xarici siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində regionun güclü və nüfuzlu ölkəsinə çevrilib, qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb.

Qeyd edək ki, bu il Bolqarıstanın Beynəlxalq Frankofoniya Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur və bununla bağlı ölkədə bir sıra tədbirlər keçirilir. Beynəlxalq Frankofoniya Festivalı isə onlar arasında möhtəşəm tədbirlərindən biri olmaqla yanaşı, Sofiyada, eləcə də Bolqarıstanın ictimai və mədəni həyatında böyük mədəni hadisədir.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2203)