Vandalizm bu dəfə Sabirabadda!

Rate this item
(0 votes)

Tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb

 

Son günlər tarixi abidələrə edilən müsaxilələr intensivləşib. Növbəti xəbər Sabirabad rayonundandır. 

Sabirabadın Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan Regional idarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan təmir-bərpa işləri dərhal dayandırılıb.

Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.

Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(01.06.2023)