Ustad dərsləri bu gün yekunlaşır

Rate this item
(0 votes)

Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri bu gün sona çatır.

Son dərs Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.

 

Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.

Gəlin ötən dərslər barədə bir xatırlatma edək. Ötən günlərin birində dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçirilib. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunub. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradıblar və əsərlərinə müxtəlif fakturalar veriblər.

Daha öncə isə Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltaraşlığı” mövzusunda ustad dərsi keçirilib. 

Ustad dərsi ilk dəfə heykəltaraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verib. İştirakçılar öz unikal heykəltaraşlıq relyeflərini yaradıblar.

Bu ilin ilk dərsi isə fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə keçirilmişdi, “Həndəsi kodlar” mövzusuna həsr olunmuşdu. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaratmışdılar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan vermişdi. 

Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilir. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Ustad dərsləri ödənişsizdir. Son şansdan yararlanın, haydı! 

 

“Ədəbiyyat və incəsənət”

(22.02.2023)