Qız qalasının daşlarının “laqonda” ilə ağardılması gerçəkliyi və Hossam Mahdi Featured

Rate this item
(0 votes)

Yadınızdadırmı, bir dəfə Qız qalası daşlarının tarixi izləri olan qara ərpini “laqonda” ilə yondurmaq göstərişi vermişdi ovaxtkı Bakı meri Hacıbala Abutalıbov? Halbuki tarixin izlərinə toxunmaq cinayət hesab edilməlidir. 

 

Turizm və memarlığın vəhdəti - çağdaş dünyamızda sərhədlərin açılması, mədəniyyətlərin inteqrasiyası və əlbəttə ki, turizmin inkişafı tarixi abidələrin qorunmasını aktual edir, turizm yaxşı memarlıq üçün, bir növ, borclu qalır. Elə tarixi abidələrin - qədim tikililərin bərpası işi də turizmə cavabdeh olan qurumun finksiyalarına aiddir. 

Növbəti söhbətimiz bu barədədir. 

 

Mədəni irs abidələrinin konservasiyası zamanı diqqət edilməli məqamlar və ənənəvi memarlığın aktual məsələləri ilə bağlı Dövlət Turizm Agentliyinin dəstəyi, ICOMOS Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib.

Dövlət Turizm Agentliyindən cari məsələlər qovluğunda yer tutan təlimdə mədəni irsin mühafizəsi üzrə dünyanın nüfuzlu təşkilatı olan ICOMOS-un Ənənəvi Memarlıq üzrə Beynəlxalq Komitəsinin (International Committee on Vernacular Architecture - CIAV) prezidenti, professor Hossam Mahdi çıxış edib. 

Milliyyətcə pakistanlı olan Hissam Mahdi mədəni irs abidələrinin bərpa-konservasiya işlərinin texniki tərəfləri, dövrün tələblərindən asılı olmayan xalq memarlığının əsas formaları və növləri, nümunələr əsasında iqlim, ətraf mühit, yerli mədəniyyət və digər amillərin ənənəvi memarlığa təsirləri barədə ətraflı məlumat verib.

Təlimçi konservasiyanın tarixi və nəzəriyyəsi ilə yanaşı, həm də bərpadan öncə aparılmalı olan dəyərləndirmə işləri, bu zaman istifadə olunan metodologiya, önə çıxan meyarlar barəsində fikirlərini bölüşüb, Azərbaycan və Avropada ənənəvi memarlıq nümunələri arasında müqayisə xarakterli məlumatları açıqlayıb.

Təlimdə ICOMOS Azərbaycan Milli Komitəsinin üzvləri, gənc memarlar və mədəni irs üzrə ekspertlər iştirak ediblər. Tədbirin sonunda professor Hossam Mahdi iştirakçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, ICOMOS (Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura) maddi-mədəni irsin qorunması üzrə dünyada ən böyük beynəlxalq təşkilatdır. 10 mindən çox üzvü, 104 ölkədə milli komitəsi olan ICOMOS həmçinin UNESCO-nun üç rəsmi məsləhətverici orqanından biridir. ICOMOS Azərbaycan Milli Komitəsi 2022-ci ildə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə yaradılıb.

Sonda təlimçilərə Sertifikatlar verilib.

 

Şəkildə: Hossam Mahdi və təlim iştirakçıları

 

“Ədəbiyyat və incəsənət”

(08.02.2023)