“Mədəni sərvət ona məxsus ətraf mühitlə birlikdə qorunmalıdır”

Rate this item
(0 votes)

 

Memarlıq abidələrinin qorunub saxlanılması və istifadəsi arxeoloji abidələrdən fərqli olaraq, fiziki və özünəməxsusluğunun qorunması ilə yanaşı, həm də ona məxsus ətraf mühit ruhunda qorunub saxlanılmalıdır. Bu, olduqca çətin məsələdir və həll olunmadığı halda açıq səma altında muzey eksponatına çevrilir. Bu məsələnin həlli yaşayış məkanlarının qorunması və zamanımızda mövcud olması üçün olduqca önəmlidir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri AzərTAC-a açıqlamasında  Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Bayramov Daşkənddə keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində “MDB-nin ən son mədəni kodu: əməkdaşlığın inkişafı vektorları” adlı panel iclasda Azərbaycanda memarlıq abidələrinin qorunması ilə bağlı təqdimatında deyib.

“Mədəni sərvətlər, o cümlədən memarlıq və arxeoloji abidələr əsrlər boyu mövcud olmuş və bizə miras qalmışdır. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”, - deyən memar bildirib ki, abidələrin qorunub saxlanması ilə onlara yeni həyatın verilməsi daima gündəmdə duran məsələdir. “Abidələrdən istifadə edərkən biz onlara ziyan vurmamalıyıq, onların özünəməxsusluğunu qorumalıyıq. Bu halda mədəni sərvət ona məxsus olan ətraf mühitlə birlikdə qorunmalıdır”, - deyə Rizvan Bayramov vurğulayıb.

Aşkar olunan arxeoloji abidələr barədə danışan R.Bayramov bildirib ki, həmin abidələr tədqiq olunur, onların açıq saxlanması və insanlara dəyərinin çatdırılması üçün nümayış obyektlərinə çevrilərək istifadə olunur. Bu halda onlar açıq havada qalaraq, təbiətin yaratdığı şıltaqlıqlardan (yağış, qar, külək, şaxta və s.) qorunmalıdır. Bəzi hallarda abidənin üzəri irihəcmli yüngül konstruksiyalar ilə qapanaraq böyük tarixi-mədəni məkan yaradılır: “Arxeoloji abidələrin üzərində ziyarətçilər üçün keçidlərin yaradıldığı halda onlara ziyan vurulmamalıdır. Bununla yanaşı, ziyarətçilər və abidə mühafizəçiləri üçün qurulacaq tikililər ətraf mühitə ziyan vurmamalıdır”.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)