252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq

Rate this item
(0 votes)

 

Xəbər verildiyi kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix-mədəniyyət abidələrinə mühafizə lövhələrinin vurulması ilə bağlı yeni layihəyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd abidələrin mühafizəsi, bu sahədə maarifləndirmənin təmin edilməsi, ha belə abidələrin təbliği yolu ilə müdaxilələrin qarşısının alınmasıdır. İlkin olaraq sosial iqtisadi fəaliyyətin daha dinamik olduğu, yerli və xarici ziyarətçilərin çoxluq təşkil etdiyi Səbail rayonunun prospekt və küçələrində yerləşən 252 tarix-memarlıq abidəsinə mühafizə lövhələri vurulacaq.

 

Artıq Azadlıq və Neftçilər prospektləri, Xəqani, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Yusif Məmmədəliyev, Hacı Zeynalabdin Tağıyev, Əbdülkərim Əlizadə, Rəsul Rza və Səməd Vurğun küçələrində yerləşən tarixi abidələrə mühafizə lövhələri quraşdırılıb. Lövhələrin vurulması işi davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli mediaya açıqlamasında söyləyib: “Mühafizə lövhələrinin vurulması Dövlət Xidməti və Səbail Rayon İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən təmin edilir.

Mühafizə lövhələrində yer alan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq olunmuş məlumatlar əsasında hazırlanır. Mühafizə lövhələrinin vurulması başa çatdıqdan sonra layihənin məqsəd və iş prinsiplərinə uyğun olaraq görülmüş işlər təftiş olunacaq, son təsdiqlənmələr aparılacaq və hesabat veriləcək”. 

F. Hüseynli qeyd edib ki, bu genişmiqyaslı vacib layihənin nəticələri, keyfiyyətli icrası və səmərəlilik əmsalı layihə tam başa çatdıqdan sonra müəyyən ediləcək. Eləcə də layihənin yekunları haqqında məlumatların açıqlanması üçün KİV, ictimaiyyət və elm dairələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransının keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində qısa zamanda görülən irihəcmli işlər uzun illər ərzində yığılmış və yerinə yetirilməmiş vəzifələrdən irəli gələn boşluqların aradan qaldırılmasına xidmət edir.

“Bu layihənin icrası boyunca dəstək göstərən mətbuat və elm dairələrinin nümayəndələrinə təşəkkürümüzü bildiririk. Dövlət Xidməti bundan sonra da tarixi abidələrimizin daha layiqli səviyyədə mühafizəsini təmin edəcək, dünyanın ən gözəl paytaxt şəhərlərindən biri olan Bakının memarlıq irsinin nə qədər zəngin olduğunun nümayiş olunması istiqamətində davamlı tədbirlər həyata keçirəcək. Bir daha bütün vətəndaşlarımızı tarix-mədəniyyət abidələrimizin mühafizəsinə dəstək göstərməyə səsləyir, dövlət tərəfindən mühafizə edilən abidələrin qorunub saxlanılmasında iştirak etməyə çağırırıq”, - deyə mətbuat katibi söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(10.12.2022)