Şuşada Tarixi Yerlər və Abidələr Beynəlxalq Simpoziumu keçirilib

Rate this item
(0 votes)

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Şuşa şəhərində Tarixi Yerlər və Abidələr Dördüncü Beynəlxalq Şuşa Simpoziumu keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər dövlətlərdən 70-dən çox alim və tədqiqatçı Şuşanın tarixi-mədəni irsi haqqında məruzə ilə çıxış edib. 

Simpoziumun açılışı və plenar iclası Şuşa şəhərində Bülbülün ev-muzeyində reallaşıb. Əvvəlcə Simpoziumun təşkilat komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Simpoziumun Şuşa şəhərində keçirilməsinin əhəmiyyətindən, alimlərin tədqiqat əsərlərinin zənginliyindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Bülbülün Memorial muzeyi və Şuşa şəhərindəki ev-muzeyinə minnətdarlıq edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, professor Eynulla Mədətli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri professor Kübra Əliyeva, İtaliyadan bərpaçı-memar, professor Luici Skrinzi, Şimali Makedoniyadan antropoloq, professor Rubin Zemon, Ağsu rayonu Gəgəli kəndindən şəhid valideynləri Əli İbişov, Pərviz Quliyev, Aqil Süleymanov, şuşalı etnoqraf, dosent Pərvin Ahənçi, arxeoloq, dosent Vəfa Mahmudova və digər natiqlər çıxış ediblər.

Simpoziumun məruzəçilərinin bütün çıxışları videolentə alınıb, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yutub kanalında və feysbuk səhifəsində yayımlanıb. Simpoziumun materialları kitabı nəşrə hazırdır və yaxın günlərdə təqdimatı keçiriləcək. 

Simpozium iştirakçıları Şuşa şəhərinin tarix-memarlıq abidələri ilə tanış olublar. Onlar əvvəlcə Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, sonra İkimərtəbəli karvansaray, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanış olublar.

Simpoziumun sonunda qətnamə qəbul olunub. Bütün iştirakçılara sertifikatlar təqdim olunub.