Lirik məqamların emosional intensivliklə birləşdirilməsi Featured

Rate this item
(0 votes)

 

Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” sərgisinə sözardı

 

“Yaxşı rəsm musiqidir, melodiyadır” deyib dünya şöhrətli italyan rəssamı Mikelancelo. Beynəlxalq Muğam Mərkəzində (BMM) sentyabrın 28-də açılışı keçirilən Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” adlı fərdi sərgisi də musiqi ilə rəssamlığın bir-birinə çox yaxın olduğuna əyani sübut idi.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynovun rəssamın yaradıcılığında milli üslubdan söz açması, muğama olan sonsuz sevgidən yaranan bu əsərlərin muğam ifaçılarının ən dərin meditasiyadan tutmuş, ən yüksək emosional yüksəlişə qədər olan həssas-ekspressiv hallarının dinamikasını simvolizə etməsini açıqlaması lap yerinə düşdü. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sərgi münasibətilə rəssamı təbrik etməsi, Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibətin əsərlərində hər zaman ön planda olmasını qeyd etməsi də öz yerində.

Əşrəf Heybətovun xeyir və şər mövzusunun, milli-mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləri sənətsevərlərə yaxşı tanışdır. Rəssamın əsərləri bu ilin aprelində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdi.  Əşrəf Heybətovun işlərinin əsas mövzusu Azərbaycandır, xalqımızdır. Onun yaradıcılığında xalqımızın tarixi, mədəniyyəti və folkloru önəmli yer tutur.

Azərbaycan Milli Konservatoriyasının (AMK) elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova rəssamın əsərlərinin  bir çox ölkələrin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların sərgi zallarında nümayiş etdirildiyinə diqqət çəkir, qeyd edir ki, rəssam öz sənəti, yaşam fəlsəfəsi ilə Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıdır. 

Lalə Hüseynovanın fikrincə, “Muğam aləmi” sərgisinin səciyyəvi cəhəti rəssamın lirik məqamları emosional intensivliklə birləşdirə bilməsi, rənglər palitrası vasitəsilə çatdırmasıdır. Bu əsərlərdə rənglərin səs ştrixləri rolunu öz üzərinə götürməsi diqqət çəkir.

Filologiya üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Fəxrəddin Salim isə burda rənglərin improvizasiyasının mükəmməlliyinə diqqət çəkir. 

İndiyədək bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilən Əşrəf Heybətov Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Rəssamlıq Akademiyası, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

“Muğam aləmi” sərgisində rəssamın 25 əsəri nümayiş olunub. Bu əsərlərdə sənətkar xarakterik təsviri üslubda muğamların ifasını səciyyələndirən xüsusi texnikadan, bədii temperamentdən, mənəviyyatdan bəhs edib. Parlaq rəngarəng vurğular tamaşaçını melodik pafosun dərinliyinə və nüfuzuna kökləyirdi. Bədii kətanlara baxarkən onlarda nəyin “səsləndiyini” tanımağa çalışırdın: “Bayatı” və ya “Dilruba”, “Şur” və ya “Humayun”...

“Muğam aləmi” sərgisi ənənəvi Azərbaycan musiqisinin tərənnümüydü. Rəssam doğma yurdunun mədəniyyətindən ilham alaraq tamaşaçıları yenidən öz mədəni irsinə, tarixi köklərinə cəlb edirdi. 

Əşrəf Heybətovun “Muğam aləmi” fərdi sərgisi oktyabrın 1-də yekunlaşdı. 

 

L.Azəri