Keçə sənətinə yenidən maraq oyadanlar

Rate this item
(0 votes)

 

“Hazırda Çanaqqala 18 Mart Universitetinin Təsviri incəsənət fakültəsinin milli türk sənətləri bölməsində baş müəllim kimi çalışıram. İşlədiyim müddətdə orada keçə ustası yanında təhsil aldım və sonra universitetdə həmin sənəti tədris etməyə başladım. Keçə sənəti bizim ortaq irsimiz olsa da, son dövrlərdə bu sənətə maraq azalıb. Çalışıram bu qədim sənəti öz əsərlərim vasitəsilə üzə çıxarım.”

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri rəssam Minarə Quliyeva Cəmşidi “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi zamanı AzərTAC-a açıqlamasında deyib.

“Keçə sənətində iki texnikadan istifadə olunur. Mən döymə üsulu ilə işləyirəm. Rəssam olduğum üçün qədim Göytürk yazılarını, “Dədə Qorqud” və “Koroğlu” dastanlarının motivlərini, həmçinin Novruz bayramı, türk xalqlarında nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti kimi tanınan “yufka”, “miniatür sənəti” və UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil olan digər ortaq miraslarımızı keçə üzərində əks etdirməyə çalışıram. Keçə sənəti zəhmət tələb edən bir sənətdir. Təəssüflər olsun ki, Azərbaycanda bu sənət artıq tədris edilmir. Çalışıram müxtəlif sərgilər vasitəsilə bu sahəyə yenidən maraq oyadım”, - deyə Minarə Quliyeva Cəmşidi bildirib.