“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Lətif Kərimov

Rate this item
(0 votes)

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycanın görkəmli şəxsiyyəti, alimi, sənətkarı, xalça ustası, “Azərbaycan xalçası” kimi fundamental əsərin müəllifi Lətif Kərimova həsr olunur.

Muzey məlumat yayıb ki, təqdimatda görkəmli xalçaçı-rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilir. 

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın qədim diyarlarından biri olan Şuşa şəhərində anadan olub.

Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmağı öyrənib.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib. 

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

O, min illərdən başlayaraq Azərbaycan xalçaçılarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplanmış və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb.

Lətif Kərimov 1991-ci ildə Bakı şəhərində vəfat edib.