Mədəniyyət Nazirliyinin yeni layihəsi Molla Pənah Vaqiflə başladı Featured

Rate this item
(0 votes)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Vətənin özü tarixin gözü ilə" layihəsinin ilk buraxılışını təqdim edir.

Layihənin bu sayı M.P.Vaqifin muzey-məqbərə kompleksinə həsr olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qazaxda doğulub Qarabağda faciəli şəkildə dünyadan köçən Vaqif Azərbaycan poeziyasının zirvələrindən biri hesab olunur. 

 

Baş ağardı, ruzigarım оldu gün-gündən siyah,

Еtmədim, səd hеyf kim, bir mahi ruxsarə nigah,

Qədr bilməz həmdəm ilə еylədim ömrü təbah,

Vaqifə, ya rəbbəna, oz lütfünü еylə pənah,

Səndən özgə kimsədə lütfü inayət görmədim.

 

Tarix boyu poeziya sevənlərin ürəyində taxt quran, lirik şeirləri dillər əzbəri olan Molla Pənah Vaqif həm də görkəmli siyasi xadim olub. Qarabağ xanlığının vəziri kimi də Azərbaycan tarixində iz qoyan böyük şair Vətənimizin hüdudlarından kənarda da tanınıb, daim rəğbətlə anılıb.

 Müstəqil Azərbaycanın memarı  Heydər Əliyev hakimiyyəti dövründə Qarabağa çox böyük diqqət və qayğı göstərib, tarixi torpaqlarımızda  milli ruhun qorunması ümummilli liderin uzaqgörən siyasətinin əsas istiqamətlərindən olub. 1967-ci ildə Heydər Əliyev Şuşada olarkən Vaqifin yeri bilinməyən məzarı onun tapşırığı ilə tapılıb. Bu məzarın Vaqifə layiq olmadığını söyləyən Heydər Əliyevin göstərişi ilə şairin qəbri üstündə abidə və türbənin tikintisinə başlanılıb.

 Məqbərinin tikintisi 1977-ci ildə başlanıb, 1982-ci ilin yanvar ayında yekunlaşıb.

 Vaqif  türbəsi AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında tikilib. Türbə Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.

1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Təntənəli açılış mərasimində Heydər Əliyev, Azərbaycanın  tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyev geniş nitq söyləyib, Vaqif türbəsinin açılışının  əhəmiyyətindən danışıb.

Yüksək peşəkarlıqla inşa edilən Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən M.P.Vaqifin muzey-məqbərə kompleksinə erməni silahlı qüvvələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra ciddi zərər dəydi. Kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. 

Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə, yanvarın 14-də Şuşaya səfəri zamanı abidəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.

Avqustun 29-da isə Şuşada dahi M.P.Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılan məqbərənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb.

Vaqif məqbərə kompleksi həm də əzəmətin, xalqımızın sözə, şeirə, tarixi keçmişinə verdiyi yüksək dəyərin təzahürüdür.