Qarabağın memarları, rəssamları və daş sənətkarlığı ustaları ilə tanışlıq Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı tədqiqatçı-jurnalist Vasif Quliyevin yazısını təqdim edir. 

Xalq memarı XIX əsr Qarabağ memarlıq məktəbinin banisi Kərbəlayi Səfixan Qarabaği əslən qarabağlıdır. Nadir şah Əfşarın dövründə valideynləri Qarabağdan İrana sürgün olunub. Səfixan da Təbriz yaxınlığındakı Əhər şəhərində doğulmuş, uşaqlıqdan atasının yanında bənnalıq sənətini öyrənib. Dərin zəkaya, ağıllı düşüncəyə malik olub, hələ gəncliyində tikəcəyi binaların layihəsini müstəqil surətdə özü verib. Kərbəlayi İmam Hüseynin məqbərəsini ziyarət etdiyinə görə Kərbəlayi Səfixan Qarabaği kimi məşhurlaşıb. Memarlıq və inşaat sənətini Təbrizdə öyrənib. XIX əsrin birinci yarısında Şuşaya köçüb, ömrünün sonuna qədər burada yaşayıb. Özü ilə Qarabağa Məhəmməd Şükuhi Təbrizi və digər sənət adamları da gətirib.

Kərbəlayi Səfixanın Qarabağ memarlıq məktəbinin inkişafında mühüm xidmətləri olub. Onun inşa etdiyi binalarda, xüsusilə məscidlərdə Şərq memarlıq ənənələri Azərbaycan memarlıq ənənələri ilə əlaqələndirilib. Bərdədə Zaqafqaziyada yeganə dördminarəli “İmamzadə” kompleksinin yenidən qurulması (1868), Ağdam (1870), Şuşada Yuxarı və Aşağı Gövhər ağa məscidləri (XIX əsr), eləcə də Odessa şəhərində “Tatarlar” (1870), Aşqabadda “Qarabağlılar” (1880) məscidləri memarın ən yaxşı işlərindəndir. Onun Şuşada tikdiyi Uğurlu bəyin. Hacı Bəşirin, Bəhmən Mirzə Qacarın, Mehmandarovların, Hacı Dadaşın, Zöhrabbəyovların yaşayış kompleksləri özünəməxsusluğu və orijinallığı ilə seçilir. Malıbəylidə, Abdal-gülablıda, Bəhmənlidə, Qoçəhmədlidə, Azad Qaraqoyunluda, Qarabulaqda, Horadizdə və s. yerlərdə inşa etdiyi hər bir bina, hər bir tikili Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir.

XIX əsrə yaşayıb-yaratmış məşhur el sənətkarı, rəssam, dekorativ boyakarlıq və ornament ustası Usta Qənbər Qarabağı Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekorativ panno və kompozisiyaların müəllifidir. Şuşada Mehmandarovların yaşayış kompleksindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, İsgəndər bəy Rüstəmbəyovun evindəki divar rəsmləri isə son işlərindən hesab olunur.

Şəki xanlarının sarayında çəkdiyi divan və tavan rəsmləri bədii-estetik dəyərinə görə ən kamil əsərlərdəndir. Sarayın bədii tərtibatı zamanı çəkdiyi bu rəsmlər məzmun və kompozisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir. Rəssamın əsərlərində miniatür boyakarlığından gələn ənənəvi şərti dekorativ üslubda, yeni realist təsvir xüsusiyyətləri üzvi surətdə əlaqələndirilib. Rəssamlıqla yanaşı dekorativ tətbiqi sənətin müxtəlif sahələrində də çalışmışdır. Hazırladığı dekorativ biçimli güzgülər, əlvan bəzəkli məcməyilər, naxışlı sandıqlar, döymə nümunələri, zərif şəbəkələr, ağacdan yonduğu heykəllərin bəziləri son illərə qədər salamat qalmışdı. XIX əsrdə xəttat Əsədulla Ağahadı oğlunun şikəstə-nəstəliq xətlə fars dilində yazdığı 200 səhifəlik “Nuşafərin Gövhərtac və Sultan İbrahim” dastanının əlyazmasındakı müxtəlif ölçülü 23 miniatürün müəllifi də Usta Qənbər Qarabağidir.

Onun gənc rəssamların yetişməsində mühüm xidmətləri olmuşdur. Rəssamın şagirdlərindən oğlu Şükür Qurbanəli, Əliqulu, Abbasqulu, Səfər və başqa rəssamlar Azərbaycan monumental-dekorativ boyakarlığının inkişafında əhəmiyyətli rol oynamışdır.

Məhəmməd Şükuhi Təbrizi XIX əsrdə yaşamışdır. Həmin əsrin birinci yarısında məşhur xalq memarı Kərbəlayi Səfixan Qarabaği Cənubi Azərbaycandan Şuşaya köçərkən özü ilə müxtəlif sənət adamları da gətirmişdi. Məhəmməd Şükuhi Təbrizi də onların arasında idi. O da öz ustadı kimi Şuşada məskunlaşmış, ömrünün sonunadək burada yaşayıb-yaratmışdır. 1868-1870-ci illərdə tikilmiş Ağdam məscidinin kitabəsindən məlum olur ki, onun mehrabındakı bəzək işləri Məhəmməd Şükuhi Təbriziyə məxsusdur. Qarabağda bir çox iri binalarıdakı nəqqaşlıq işlərinin müəllifi odur.

XIX əsrin ikinci yarısında Şuşada doğulmuş və burada yaşayıb-yaratmış el sənətkarı, naqqaş Usta Əli (Əli Abbasqulu oğlunun təxəllüsü) uzun müddət atasına şəyirdlik edib, sonra sərbəst surətdə fəaliyyət göstərib. 

Usta Əli Qurdlar məhəlləsindəki məscidin ornament və bəzək işlərinin müəllifidir.