Şuşa mədəniyyəti incilərindən bu dəfə “Lampa” xalçası təqdim olunub

Rate this item
(0 votes)

 

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Lampa” xalçasına həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qarabağ tipinin Şuşa qrupuna aid “Lampa” və ya “Ləmpə” xalçaları “Ləçəkturunc” strukturu əsasında şaquli sistemə əsaslanmaqla tərtib olunub.

Bu xalçalar XIX əsrin I yarısında Şuşada, sonra Qarabağın bütün xalçaçılıq məntəqələrində toxunmağa başladı. Şuşada böyük yaşayış evlərinin divar və tavanını bəzəmək zərurəti ilə meydana gəlib. Bir qayda olaraq, “Lampa” xalçaları dəst şəkildə: iki yan və bir ortalıq xalçası kimi toxunurdu.

“Lampa” xalçalarının mərkəzində böyük səkkizkünclü göl səciyyəvidir. Onun yuxarı və aşağı hissələrində “Lampa” üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Ara sahənin gölə yaxın olan boş qalmış aralıqları tutuquşu təsviri ilə doldurulur. Xalçanın künclərində geniş kənarlı ləçəklər yerləşdirilir ki, bu da ara sahənin bədii tərtibatını zənginləşdirir.