Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 8 mükafat qazanıblar

Rate this item
(0 votes)

Gilavar Foto Klubun təşkilati dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəyə yekun vurulub. 

Bu fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. 

 

Müsabiqəyə dünyanın 64 ölkəsindən 382 fotoqraf tərəfindən 5 min 446 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Kipr və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Azerbaijan Photo Salon 2022” beynəlxalq fotomüsabiqəsi Gilavar Foto Klubu tərəfindən beşinci dəfədir həyata keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. AzərTAC-ın fotomüxbiri Roman İsmayılov, həmçinin Elxan Qəniyev qızıl medal, Kərim Abbasov iki fəxri lent, Famil Mahmudbəyli fəxri lent, Teymur Məmmədov, Valeriy Xlızov və Ruslan Hacızadə isə diplom qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən toplam 8 mükafat əldə olunub”.