Rəssam Rəhim Məmmədov Türkiyədə mükafata layiq görülüb

Rate this item
(0 votes)

 

Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Türkiyə müxbirinə istinadla xəbər verir ki, mükafat Rəhim Məmmədova İzmirdə keçirilən Beynəlxalq Rəsm Sərgisi və Mükafatlandırma mərasimində təqdim olunub. 

Mərasim əsnasında açılan “İzmir sənətdə” rəsm sərgisində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 40 rəssamın 50 əsəri nümayiş etdirilib. 

Tədbirdə Türkiyənin İzmir üzrə dövlət rəsmiləri iştirak ediblər.

Türkiyəyə 1995-ci ildə yerləşən Rəhim Məmmədov qardaş ölkənin Kayseri vilayətinin Ərciyəz Universitetinin Gözəl sənətlər fakültəsinin rəsm bölümündə müəllim olaraq fəaliyyətini davam etdirib. 1996–2003-cü illər ərzində eyni bölümün rəhbəri seçilən rəssam 2003-2010-cu illərdə bu fakültənin dekanı olub. Hazırda həmyerlimiz İzmirdə yerləşən özünəməxsus emalatxanada fəaliyyətini davam etdirir.

Rəssamın Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində fərdi sərgiləri açılıb.