“4 seasons of Shusha” beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycanda səfərdədir

Rate this item
(0 votes)

 

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə 2022-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən Şuşa şəhərində bir sıra beynəlxalq tədbirlərin təşkili nəzərdə tutulur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçiriləcəkdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində dünyanın məşhur fotoqraflarının 2022-ci ilin qış, yaz, yay və payız fəsillərində Şuşa şəhərinə səfərləri təşkil olunacaq, hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınacaq və həmin fotoşəkillərdən ibarət sərgi təşkil olunacaqdır.

Dünyaca məşhur türk fotoqraf Hüseyn Taşkın öz baxış prizmasını əks etdirən möhtəşəm fotoşəkilləri ilə bu beynəlxalq layihədə ilk olaraq iştirak edəcəkdir. Şuşada yaz fəslindən fotoları lentə alacaq fotoqraf 16-23 may tarixlərində ölkəmizdə səfərdə olacaqdır.

Səfər çərçivəsində mayın 16-da türk fotoqraf Hüseyin Taşkın və layihənin kuratoru Angelo Bucarelli mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə görüşdü və layihənin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparıldı.

Bu layihə Şuşanın dünya miqyasında tanıdılması üçün bir çağırış olacaqdır. Şuşanın Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği üçün sözügedən layihəyə xarici mütəxəssislərin cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Layihə Türkiyə ilə yanaşı, Almaniya, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşacaqdır. Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaqdır. Azərbaycana dəvət olunacaq mütəxəssislərin çəkdiyi fotoşəkillər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaqdır.

Həmçinin, bu layihəyə yerli gənc fotoqraflar da cəlb olunacaq və onlar tanınmış türk fotoqrafı ilə görüşmək imkanı əldə edəcəklər. Hüseyin Taşkın tərəfindən gənc fotoqraflar üçün treninq proqramı da təşkil olunacaqdır.