Yakut rəssamın arzusudur ki, Şuşaya gəlib Xarıbülbülü çəksin Featured

Rate this item
(0 votes)

 

Aida Eyvazlı yazır

 

Yakutiyadakı insanları tanıdıqca, onların hər birini Tanrının bir zərrəsi hiss olduğuna inanıram. Çünki ünsiyyətdə olduğum bu insanların hər birində insan könlünü riqqətə gətirə bilən bir yaradıcılıq sehri vardır.

 

Qonağı olduğum şəhərlərdə, aymaklarda (oymaq), uluslarda ilk ziyarət etdiyim məkan  incəsənət və mədəniyyət məbədləri oldu. Yakut ziyalıları ölkələrinə gələn qonağı musiqi kollektivinin ifası ilə qarşılayır, sonra muzeyləri gəzdirməkdən zövq alırlar. Öz yaralı tarixlərini bu günə qədər belə qayğı və məhəbbətlə qoruyub saxlayan yakut ziyalıları, elə bil ki, muzeylərdə saxladıqları tarixə şahid sənədləri qorumaqla, kim olduqlarının unudulmamaması üçün çalışırlar. 

Əslində haqlıdırlar, axı, sözün əil mənasında gözdən uzaqdırlar. Könlümüzdən isə uzaq deyillər. Uzun yolların sonunda, keçilməzində yaşayırlar. Tanrının onlar üçün Vətənləşdirdiyi bu torpaqlara digərlərinin gəlib-getməsi çətin olduğundan, hələ dünyanın uzaqlarında  bir çoxları Yer üzündə belə istedadlı insanların yaşamasından xəbərsizdirlər. 

İndi sizə təbiətin keçici fəsillərini, insanların hiss və həyəcanlarını ,  rənglərin və təbiətin fəlsəfəsini özünün danışdığı rənglərlə çəkdiyi tablolarda canlandıran Saxa Yakut Respublikasının tanınmış rəssamı Vyaçeslav Yaroyevin əsərləri və özü haqqında danışmaq istəyirəm.

Onun əsərləri ilə Yakutsk şəhərindəki Milli İncəsənət Muzeyində tanış oldum. Və bu günə qədər də həmin əsərlərin sehrindəyəm. 

O həm rəssam, həm dizayner, həm də nəqqaşdır.  Ölkədə milli bayram sayılan Issıax bayramının bütün Urasa və Ömür ağaclarını Vyaçeslav Yaroyevin eskizləri və özünün iştirakı ilə hazırlayırlar. O Saxa Yurtalarını quran, yaşadan bir mühəndisdir. 

Onun  dünyaya göz açdığı Tattı Ulusunun Bayaqa kəndindən olan həmkəndliləri deyirlər ki, Slavanın üçüncü bəsirət gözü olduğunu hələ kiçik yaşlarından bilirdilər. Bu oğlan hələ uşaq və gənc yaşlarından payızın saralmış yarpaqlarının tökülməsində xalqının çəkdiyi əzab-əziyyətin həsrətini, onların  baş tutmayan arzularını görüb.  Qış fəsli  bütün saxalıların sevdiyi fəsil olduğundan, o, sazaq və şaxtanın yaratdığı  gözəllikləri gözlərinə yığıb, insanların şaxta kimi bərkidiyini , qışla dost olduğunu  anladığı rənglərlə ağ vərəqlərə köçürüb. O quşların səsindən nə istədiklərini, çayların axmasından hansı nəğməni oxuduğunu bilir. O yaranışından  qoynunda yaşadığı təbiəti sevib, könlü  sehirli və sirli təbiətin bir parçasına çevrilib. Əks halda, insan təbiəti duymasa belə əsrarəngiz əsərlər yarada bilməz axı. 

Divarlardan baxan  6 -dan artıq tablosunun hamısı insanla danışır.  Bu əsərləri diqqətlə izləyəndə görürsən ki, fırçasını və molbertini  götürüb, ana təbiətin tənhalığına çəkilir. Yaşıl donlu ağacları, çəmənlərdə, düzlərdə çiçəkləri elə çəkir ki, az qala ətrini hiss edirsən.

Yakutiyanın sonsuz səhraları, ormanları,  El Ana ( Lena ) çayı, dağları, bulaqları, gölləri, köhnə yurd yerləri—hamısı öz sirrini bu rəssama açmasaydı, əks halda o əsərləri bir Tanrı bəndəsi bu qədər canlı və sehirli yarada bilməz ki...

O təkcə rəssam deyil, o həm də öz milli mədəniyyətini, məişətini çəkdiyi əsərlərdə əbədiləşdirən bir şamandır. Bu əsərlərində çəkdiyi simgələrlə yeni nəslə millətinin genetik kodlarını, çağırışlarını ötürür. Saxa-Yakut xalqının  şaman ayinlərini, anaların dünyaya uşaq gətirməsi  prosesini,  ulduzların altında əl-ələ gəzən cütlükləri elə gözəl çəkir ki... İnsanla təbiətin canlı harmoniyasını yaradır... 

Onun çəkdiyi rəsmlərdə həm də fəlsəfi dünyagörüşü gözə çarpır.  Vyaçeslav Yaroyev deyir ki, mənim vəzifəm əcdadlarımızdan bizə əmanət qalan, yazıya, tabloya çevirə bilmədiklərimiz milli sərvətlərimizi insanlara və dünyaya tanıtmaqdır. Ona görə də mən hər zaman köhnə, sınıq, unudulmuş bir balaqanın olduğu yerə gedirəm, bir sərgənin yanında dayanıb, onun naxışlarını oxuyuram, əcdadlarımızn bu möhtəşəm  əmək alətlərini, məişət alətlərini, qurduğu urasaları hansı ustalıqla yaratdıqlarını öyrənməyə çalışıram. O əcdadların ruhu da həmin sirrləri mənə ötürür.  Bu mənada hətta, qədim bir  əşyanın, abidənin bərpasına başlayanda da həmin ruhlar köməyimə gəlir.

Yakutsdakı Milli İncəsənət Muzeyində sərgilənən  rəsm əsərlərinin birində kəhraba rəngli ləpələnən zəmidə at belində  iki oğlan uşağı diqqətii cəlb edir. 2007-ci ildə “Qızıl zəmi” adlandırdığı bu rəsm əsərini çəkəndən üç il sonra  onun oğlu dünyaya gəlir, üç ay sonra isə nəvəsi doğulur. Ən maraqlısı da odur ki, həmin uşaqlar indi 12 yaşındadırlar və hər ikisi elə rəsmdə çəkilən uşaqlardır. Tanrı rəssamın xəyal etdiyi övladları ona özünün arzuladığı şəkildə verib. Biri oğlu , digəri isə nəvəsi kimi gəlib dünyaya.  Və bir də ki,  bu bolluq rəmzi olan sarı buğda zəmisindən sonra, onun işlərində böyülk dönüş yaranıb. Bütün maddi problemləri həll olunub. 

Və yaxud. Tabloların birində kənd qızının oz evinin kəndarında oturub ətrafı seyr etməsi,  bir köhnə  evin içərisində yiyəsiz qalan məişət əşyaları,  kiminsə zərif əlləri ilə yığılıb  stolun üstünə qoyulan çəmən çiçəkləri... gözəlliklər və gözəlliklər. Bu gözəllikləri Vyaçeslav Yaroyevin gözü ilə görməyin isə başqa bir gözəlliyi vardır.

Vyaçeslav daha çox öz vətənini çəkir. Qışını, payızını, yazını isti və soyuq rənglərlə çəksə də, onun qış tablolarından da insanın ürəyinə istilik axır. Onun  yaratdığı əsərlərdə çirkli tablolar yoxdur. 

Onun qəhrəmanlarının da gözlərində  bir işıq, sifət cizgilərində günəş yanır. Mən Saxa Yakutiyanın 50 yaşlı xalq rəssamının əsərlərindən ibarət sərgisini  Azərbaycanda görmək istəyərdim. Onun əsərləri bizim ruhumuza, mədəniyyətimizə çox yaxındır. Əslində bunu xalq rəssamı özü də arzu edir.

Onunla görüşümüzdə 44 günlük   Zəfərimizin rəmzi olan  Xarı Bülbül döş nişanı və Azərbaycan motivlərindən ibarət gözəl bir kitab bağışladım ona. Xarı Bülbül çiçəyi və onun rəngləri rəssamın marağına səbəb oldu. Qarabağ haqqında danışdım. Dedi ki, çox istərdim ki, Qarabağda olub, oranın təbiətini və Xarı Bülbül çiçəyini tabloya çəkim.

Mən özümü çox xoşbəxt hiss edirəm ki, Yaroyevin yaratdığı rəngəri duymuşam. Onun”Natürmort”, “Ay işığında”, “Qızıl zəmi”, “Yaşıl Ormanlar”, “Gözəl vədə”, “Vətənim”, “Yurd”, “Xatılayevlər” əsərlərinə doyunca baxa bilmişəm. 

Tanrı Yakutiyaya rəngləri elə səxavətlə paylayıb ki, yaratdığı insanlar da dönüb o rənglərə bənzəyiblər.