Qabonlular niyə fransızlara qarğış yağdırırlar? Featured

Rate this item
(0 votes)

Afrikalılar qeyzlənib - onların ritual  maskasını fransızlar  4,2 milyon avroya satıblar

 

Afrika dövləti Qabonun milli sərvəti sayılan ritual taxta maska Fransada auksionda 4,2 milyon avroya satılıb. 

“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, Qabonun ictimai təşkilatı auksion rəhbərliyindən aksiya öncəsi maskanı milli sərvət olduğu üçün geri qaytarmağı tələb edib, amma auksion rəhbərliyi maskanı qanuni yolla əldə etdiklərini bildirib.

Auksion Fransanın Monpelye şəhərində baş tutub.

O ki qaldı sözügedən maskaya,

bu, Cənubi Afrikanın SABC radiostansiyasının məlumatına görə, 150 il əvvəl hazırlanıb. Qabonun şimalında yaşayan fanq xalqına məxsusdur. Maska nqil cadugərlər sektasına aid imiş, əcdadların kultunu yaşadan ainlərdə istifafə olunurmuş. 1910-cu ildə Qabonu işğal edən fransızlar cadugərliyi qadağan etmiş, maskanı da o dövrlərdə ələ keçirib Fransaya aparıblarmış. Bu illər ərzində maska bir neçə kolleksiyaçıda olub, nəhayət, satışa çıxarılıb.

Monpelyedəki auksion barədə öncədən xəbər tutan qabonlu aktivistlər öz milli sərvətlərini geri tələb etsələr də istəklərinə çata bilməyiblər, amma ruhdan da düşməyiblər.

Qabonun sivil nümayəndələri fransızları məhkəməyə verməklə hədələyir. Mövhumatçı kəsim isə qarğış edəcək, fransızlara fəlakət arzulayacaqlar. Qabonlular düşünür ki, maska geri qaytarılmayınca fanqlar xoşbəxt ola bilməyəcəklər. 

Bax belə. Böyük xalqlar kiçik xalqlara niyə axı qənim kəsilib?