Müasir İncəsənət Muzeyində Binnur Ersayın fərdi sərgisi açılıb

Rate this item
(0 votes)

 

Müasir İncəsənət Muzeyində türk rəssamı və dekorativ tətbiqi sənət ustası Binnur Ersayın “Qarabağ atları” mövzusunda fərdi sərgisi açılıb.

AzərTAC xəbər verir ki, sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunub.

Tədbirin aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi tematik xarakterlidir və qardaş ölkənin istedadlı yeni nəsil sənətçisinin Azərbaycana, tarixi Zəfərimizə necə könül verməsinin parlaq təcəssümüdür.

Sərginin təşəbbüskarlarından Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək, Binnur Ersayın Türkiyə-Azərbaycan münasibətlərinə önəmli sənət töhfəsi verdiyini, Azərbaycan mədəniyyətində xüsusi rol oynayan Qarabağ atları ilə bağlı ilk sərgini uğurla təşkil etdiyini söyləyib.

Qənirə Paşayeva Türkiyə dövlətinin qurucusu, dahi Atatürkün sözlərini xatırlayaraq bildirib ki, deputat olmaq olar, ancaq sənətçi olmaq üçün istedad vacibdir: "Binnur xanım Qarabağ atlarını o qədər gözəl təsvir edib ki, tablolarda Qarabağın ruhu əks olunub". O, rəssama Qarabağ atlarını dünyada təbliğ etdiyi üçün təşəkkürünü bildirib. Rəsmlərin Şuşa başda olmaqla, işğaldan azad olunmuş digər şəhər və rayonlardakı muzeylərdə saxlanılacağını söyləyib.

Bu vaxta qədər Azərbaycanda Qarabağ atları mövzusuna toxunulmadığını deyən Qənirə Paşayeva Binnur Ersayın Azərbaycan Rəssamlar İttifaqına üzv olunması təklifini irəli sürüb.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev rəsm sənətini dünyanın birinci möcüzəsi adlandırıb. Bildirib ki, insanlar ilk dəfə olaraq gördüyünü, düşündüyünü rəsmlərdə əks etdirib və Qarabağ atları bu möcüzənin davamıdır. Sərginin, eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığının bir rəmzi olduğunu vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın peşəkarlığından söz açıb: “Atın gözlərini ifadə etmək ən çətin işlərdən biridir. Ancaq Binnur Ersay bu gözləri ustalıqla kətan parça üzərinə köçürüb”.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 30 il ərzində ermənilərin törətdiyi cinayətlərdən, müharibə zamanı flora və faunaya dəyən ziyandan və bunun fonunda Qarabağ atlarının məhv olma təhlükəsindən danışıb.

Bildirilib ki, Qarabağ atları mövzusu çox yerinə düşür. Çünki, Qarabağ atları vətənimizin bir simvoludur. Türkiyə bizimlə bu mübarizəni yaşayıb, bu gün isə Binnur Ersayın timsalında bizə belə bir sevinc bəxş edir.

Binnur Ersay çıxış edərək, təşkilatçılara, sərgiyə maraq göstərən sənətsevərlərə təşəkkür edib, rəsmlərlə bağlı fikrini bölüşüb: “Uzun bir pandemiya dövrü yaşadıq. Bütün dünya evdə oturduğu zaman Azərbaycan böyük bir qələbəyə imza atdı. Türkiyə də bu mübarizədə qardaş Azərbaycana mənəvi dəstək olaraq, "Qarabağ Azərbaycandır!" sözlərini deməkdən yorulmadı. Rəssam olduğum üçün Qarabağ atlarını çəkməyi düşündüm. Daxilimdəki coşqu, sevgi, kədər, sevinc - bütün bunlar çəkdiyim rəsmlərə hopduruldu, onlar da sanki daxilimdə baş verənləri yaşadılar”.

Sonda rəssama qızıl gül buketi və kəlağayı hədiyyə olunub, xatirə fotosu çəkilib.

Sərgi mart ayının sonuna qədər davam edəcək.