Xalça Muzeyində “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgi açılıb

Rate this item
(0 votes)

Martın 1-də Azərbaycan Milli Xalça Muzeyində israilli rəssam Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi açılıb.

AzərTAC xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova sərginin ərsəyə gəlməsinin heç də təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, Bakıda boya-başa çatan Rami Meir uzun illərdir xaricdə yaşayır, uğurlu yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Qeyd edib ki, xaricdə yaşamasına baxmayaraq, o, öz doğma yurdunu sevir və yaradıcılığını məhz Vətənə həsr edir. Şirin Məlikova Rami Meirin, ilk növbədə, kolleksiyaçı olduğunu və maraq dairəsini Azərbaycanda məskunlaşan dağ yəhudilərinin tarixi və həyatı təşkil etdiyini deyib. O vurğulayıb ki, rəssamın kolleksiyasında həm arxiv materiallar, həm də artefaktlar saxlanılır.

“Ekspozisiyada Rami Meirin “Dağ yəhudiləri” silsiləsində işlədiyi 30-dan çox tablo, metal üzərində döymə texnikasında pannolar, ağacoyma nümunələri, rəssamın rəngkarlıq əsərlərinin motivləri əsasında qiymətli metallardan hazırlanmış dekorativ sikkələr nümayiş olunur. Burada rəssamın “Qırmızı Qəsəbədən Quba xalçaçıları” rəngkarlıq əsəri əsasında xüsusi olaraq bu sərgi üçün toxunmuş eyniadlı xalça da yer alıb. Sərginin mərkəzi eksponatlarından biri olan, ənənəvi texnikada toxunan çoxfiqurlu portret-xalça Rami Meir və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Bakıda hazırlanıb”,- deyə Ş.Məlikova əlavə edib.

Sərginin muzey üçün tarixi-etnoqrafik yönlü olduğunu vurğulayan Şirin Məlikova bildirib ki, sərginin əsas leytmotivi muzeyin fəaliyyət istiqaməti ilə həmahəngdir. “Azərbaycan qədim zamanlardan bəri müxtəlif millətlərin əmin-amanlıq şəraitində yaşadığı doğma vətənidir. Əsrlər boyu bu ərazidə məskunlaşan xalqların sırasında yəhudi mənşəli həmvətənlərimizi xüsusi qeyd edə bilərik. Onlar Azərbaycanda özlərini böyük bir ailənin üzvi kimi hiss edir və ölkəmizin həyatında fəal rol oynayırlar”, - deyən Şirin Məlikova tədbir iştirakçılarını Od çərşənbəsi münasibətilə təbrik edib və onları sərgiyə baxmağa çağırıb.

Rəssamla ilk tanışlığının xalçaçı qızlar mövzusunda xalça toxunması işi ilə başladığını bildirən “Azərxalça” ASC-nin İstehsalat üzrə direktoru Əlisəfa Nuriyev deyib: “Xalça toxunandan sonra mən orada azərbaycanlı və yəhudinin ruhunu bir vəhdətdə gördüm. Onun digər əsərləri ilə tanış olandan sonra özümə yaxın bir insan bildim. Rami Meirin xalça üzərində öz ideyasının əks etdirməsi xalqlar arasında bir körpü yaradır”.

Sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Rami Meirin yəhudi mənşəli Azərbaycan rəssamı olduğunu vurğulayıb. “Vətəninə sadiq olan bütün insanlar bizim üçün dəyərlidir. Sami Meirin yaradıcılığı onun Azərbaycana olan münasibətinin göstəricisidir. Azərbaycan tarix boyu multikultural bir dövlət kimi heç bir xalq arasında fərq qoymayıb. Azərbaycan və yəhudi xalqlarını hər zaman dərin tellər birləşdirib. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. İsrail xalqı bir yumruq kimi bizə dəstək oldu. Buna görə yəhudi xalqına təşəkkürümü bildirirəm”, - deyə Q.Paşayeva qeyd edib.

İsrail səfirliyinin əməkdaşı Mark İfraimov Qafqazda doğulub sonradan İsrailə getdiyini, indi isə öz xalqını burada təmsil etdiyini söyləyib. O bildirib ki, sərgidəki rəsmlərdə əks olunanlar Azərbaycan mədəniyyətinin nümunələridir. Çünki Azərbaycan çoxmillətli ölkədir.

Sərginin kuratoru Mariya Filatova Rami Meirlə olan tanışlığından danışıb. Bildirib ki, 1980-ci illərdə o, Bakıda Rami Meirlə bir küçədə yaşayıb. “Sərgini hazırlayanda mən yalnız Raminin kolleksiyası haqqında düşünürdüm. Onun özünəməxsus dəst-xətti var”, - deyə o bildirib.

Xalça Muzeyində ona yer ayırdıqları üçün təşəkkürünü ifadə edən Rami Meir deyib: “Bu ekspozisiya mənim üçün çox vacibdir. Çünki mən burada təkcə şəxsi kolleksiyamı deyil, həm də dağ yəhudilərin mədəniyyətini təqdim edirəm. Sərgidəki bütün eksponatları bir mövzu birləşdirir. Bu, özünəməxsus mədəniyyətə və “cuhuri” adlanan dilə malik dağ yəhudilərinin tarixi və adət-ənənələridir. Mənə göstərdiyi səmimi münasibətə görə Azərbaycan xalqına minnətdaram”.

Sonda bildirilib ki, Rami Meir bir neçə il ərzində yaratdığı “Dağ yəhudiləri” silsilə əsərləri üzərində işləyərkən tarixçi-dokumentalist kimi araşdırma aparıb, öz xalqının tarixini zərrə-zərrə bərpa edib. O, həyatın təkcə zahiri tərəfini deyil, həm də bütöv bir etnik qrupun varlığının estetikasını parçaların faktura və ornamentlərində, sinaqoqların memarlığında, yaşayış evləri və sənətkarların dükanlarının bəzədilməsində, insan obrazlarında ən aydın şəkildə çatdırıb. Bundan əlavə, öz mədəniyyətinin dərin qatlarına bələd olan rəssam xalqın mənəvi həyatını, dərin müdrikliyini, fəlsəfəsini əks etdirib.

Qeyd edək ki, sərgi aprelin 1-dək davam edəcək.