İstiqlal Muzeyində “20 Yanvar-milli qürur dastanı” adlı tədbir keçirilib

Rate this item
(0 votes)

 

Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar-milli qürur dastanı” adlı tədbir təşkil olunub.

Öncə Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbirdə məlumat verilib ki, 32 il öncə yanvarın 19-dan 20-nə keçən gecə doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur. Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilib. Hər il minlərlə insan bu and yerini ziyarət edərək əbədiyaşar şəhidlərimizin xatirəsini yad edir.

Qeyd edilib ki, tədbirin keçirilməsində məqsəd gənc nəslin keçmişə sadiq vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı o günü unutmamaqdır.

Tədbir çərçivəsində Təhsil Nazirliyinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri 35 dəqiqəlik “Azadlığa gedən yolun zirvəsi” adlı bədii kompozisiya ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları şagirdlərin rəsm əsərlərinin yer aldığı sərgiyə baxıblar.

Sərgidə nümayiş olunan bir-birindən fərqli 18 rəsm əsərində gələcəyin bacarıqlı rəssamlarının vətəninə, tarixinə bağlılığı öz əksini tapıb.