Türkiyədə azərbaycanlı rəssamın sərgisi açılıb

Rate this item
(0 votes)

İstanbulda UNESCO-nun nəzdində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Nəcəfovanın sərgisi açılıb.

AzərTAC xəbər verir ki, rəssamın ilk fərdi sərgisində 34 rəsm əsəri nümayiş olunub. Esmira Gül, Refik Aziz kimi rəssamlardan dərs alan fırça ustası 2 il ərzində 60-a yaxın əsər çəkib.

Rəssam deyib: “Uzun zamandır sərgi açmaq istəyirdim. Sərgimi fərqli təşkil etmək istədiyimdən heç bir mövzu seçmədim. Hər bir əsərimi çox sevirəm. Onları nümayiş etdirmək, insanlara təqdim etmək çoxdankı arzum idi. Sərgi zamanı yanımda olan, mənə ruh verən hər kəsə, xüsusilə də ailəmə çox təşəkkür edirəm. Dostlarım hər zaman mənə dəstək oldular, çətin zamanlarımda onların verdiyi güclə ilhamlandım və bu rəsmləri ərsəyə gətirdim. İnşallah, Azərbaycanın hər bir bölgəsində sərgi açmaq niyyətindəyəm. Doğma Qarabağda da sərgi keçirmək arzusundayam. Müəllimlərim Refik Aziz, Esmira Gül də mənə çox dəstək oldular, istedadlı olduğumu və bu yolda davam etməyimi istədilər. Onlara sonsuz təşəkkür edirəm”.

Sərgidə iştirak edən Refik Aziz Nərminə Nəcəfovaya UNESCO-nun nəzdində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib.

Qeyd edək ki, sərgidə iş adamları, müxtəlif sənət nümayəndələri iştirak ediblər.