Yunus Əmrə İnstitutunda “Turan Yolu – Zəngəzurum” təqdim olundu

Rate this item
(0 votes)

Həftəsonu Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə İnstitutun iqamətgahında "Turan Yolu-Zəngəzurum" adlı əsərin təqdimatı oldu. Artıq unudulmaqda olan dekorativ tətbiqi sənət nümunəsi olan bu əsərlə yanaşı Sərdarlı ailəsinin müəllifi olduğu 50-yə yaxın digər əsərləri də sərgiləndi.

 

“Ədəbiyyat və incəsənət” portal Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinə istinadən xəbər verir ki, Lalə Sərdarlı, Toğrul Sərdarlı və İsgəndər Sərdarlının bu əsərləri Azərbaycan mədəniyyət tarixində ilk dəfə müvafiq qurumlar tərəfindən sənət əsərləri kimi dəyərləndirilərək qeydiyyata alınan dekorativ tətbiqi sənət nümunələridir.

Tədbirin əsas məqsədi  unudulmaqda olan xalq sənəti nümunələrimizin günümüzə qayıdışını təbliğ etmək, vaxtilə xüsusi vandallıqla məhv edilmiş Qərbi Azərbaycanın azərbaycanlılara məxsus tarixi memarlıq abidələrimin, mədəni irs incilərinin dekorativ tətbiqi sənət nümunələrində tərənnüm edilməsini təşviq etməkdir.

Tədbirdə çıxış edən, Bakı Yunus Əmrə İnstitutunun başqanı Selcuk Karakılıç, Azərbaycanın əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünas Ziyadxan Əliyev, Türkiyə Böyük Millət Məclisinin  vəkili Doğan Bekin sərginin əhəmiyyətindən danışaraq Sərdarlı ailəsinin yaradıcılığına xüsusi dəyər verdilər.

Öz növbəsində Sərdarlı ailəsi adından Azərbaycan Rəssamlar İttifaqının üzvü, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, araşdırmaçı dekorativ tətbiqi sənət ustası İsgəndər Sərdarlı Türkiyə səfirliyinə, bu tədbirə evsahibliyi edən Bakı Yunus Əmrə İnstitutuna, eləcə də bütün qonaqlara dərin minnətdarlığını bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2024)