Talesiz rəssamın və bəxtsiz şairin elegiyası Featured

Rate this item
(0 votes)

Əksər istedadlı, məşhur şairlərimizin, rəssamlarımızın taleyi gözəl olub,  onlar şairliyin və rəssamlığın verə biləcəyi bütün imtiyazlardan artıqlaması ilə istifadə ediblər. Amma 1952-ci ilin 21 dekabrında Ağdaşda doğulan, çox istedadlı rəssam və çox istedadlı şair olan, fəqət bütün həyatını çətinliklər içində keçirən, ömrünün son dönümündə ağır xəstəlikdən əziyyət çəkərkən dərman almağa belə pul tapmayan Adil Mirseyidsə bədbəxt taleli şair və rəssam olub. Və biz bu gün Adil Mirseyidi böyük hörmətlə anır, quruluşların, hakimiyyətlərin fövqündə dayanan bu fövqəlinsana Allahdan rəhmət diləyirik. 

Ruhunuzu hönkürdəcək bir şeirini də sizlərə ərməğan edirik:

Bəzən vağzallarda qatar gecikir

hardasa dağlarda bahar gecikir

gecikmiş məhəbbət romanları var

aynada xatirə dumanları var

 

mən şeir yazıram gecə yarısı

sancır ürəyimi bir bal arısı

ağlama gözünün yaşlarını sil

gecəyə qar yağır umrumda deyil

 

hanı rahatlığım dincliyim hanı

o qafası sərxoş gəncliyim hanı

mən sənin ömründən çıxıb gedərəm

alnıma bir güllə sıxıb gedərəm

 

pəncərə önündən bir kölgə keçir

mənim gümanımdan bir bəlkə keçir

çox uzun bir gecə dekabr ayı

sanki gülümsəyir oyuncaq ayı

 

gəl otur yanımda səssiz sədasız

ayrılaq bu gecə qansız qadasız

son dəfə bir şeir oxuyum sənə

hər şeyi təzədən başlayaq yenə.

 

Və biz sizə Adil Mirseyidin bu rəsmlərini də ərməğan edirik.