“Gördüm ki, Hacıbala Abutalıbovla işləyə bilməyəcəyəm…” Featured

Rate this item
(0 votes)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Qəribədir, müğənnilər, aktyor və yazarlar daha tez tanınsalar da memarların məşhurlaşması üçün bəzən insan ömrü bəs etmir. Gecəsini gündüzünə qatıb ərsəyə gətirdikləri gözəl tikililərin müəlliflərindən nədənsə çoxları xəbərsiz olur…

 

Deyir ki;- “2001-ci ildə Hacıbala Abutalıbov Bakı şəhərinin icra başçısı təyin olunandan sonra gördüm ki, onunla işləyə bilməyəcəm. Çünki o, dediklərimi başa düşmürdü və mən məcbur olub vəzifəmi tərk etdim. Hacıbala müəllim bir qədər qeyri-standart düşüncəli insan idi. Bir dəfə bir layihə ilə bağlı mübahisəmiz olmuşdu. Mən dedim ki, şəhərin baş memarı olduğum üçün hesab edirəm ki, bu layihə bu cür olmalıdır. Hacıbala müəllim də cavab verdi ki, Bakının başçısı da mənəm, memarı da, hakimi də. Mən də ona siz çox böyük adamsınız deyib, çıxıb getdim. Bizim necə ayrılmağımızı hamı bilir. Hətta bu hadisəni o vaxt Heydər Əliyevə də məruzə etmişdilər. Bu hadisədən bir ay sonra mənə “Şöhrət” ordeni verildi...”

 

Söhbət Elbay Qasımzadədən gedir. O, 1948-ci ildə Bakı şəhərində anadan olub, Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professorudur. 150-dən artıq layihənin, o cümlədən “Azadlıq prospekti” metrostansiyasının memarıdır. 1998-ci ildə "El&En" memarlıq şirkətini təsis edib və hal-hazırda da ona başçılıq edir və Azərbaycan Memarlar İttifaqının sədridir…

 

Sevinir ki, Qarabağın işğaldan azad olunmasına şahidlik edib. Qorxurdu ki, birdən ömrü yetməz…

“Qarabağda görüləcək işlər çoxdur. Bəzi uzağı görməyən adamlar deyir ki, beş ilə yenidən hər şeyi bərpa edəcəyik. Bu, düzgün söhbət deyil, məsuliyyətsiz sözdür. Buna xeyli vaxt lazımdır. Beş ilə hər şey düzələ bilməz. Oranı 30 ilə viran qoyublar. Əgər ermənilərin Qarabağda qalmaq niyyəti olsaydı, dağıtmazdılar, qurub-yaradardılar. Onlar bilirdilər ki, gec-tez torpaqların əsl sahibləri gələcək və oradan çıxacaqlar…”- söyləyir.

 

İşlədiyi dövrdə başına xeyli maraqlı hadisələr gəlib.

Deyir ki;- “Bakının baş memarı işlədiyim dövrdə Milli Bankın təzə binasının tikintisi başladı. Halbuki mən bankın binasının Tbilisi prospektində tikilməsini istəyirdim və o cür sənədləşdirmişdim də. Ancaq mənim razılığım olmadan binanın tikintisinə başladılar. Güclü adamlar idilər. Açılış mərasimi zamanı rəhmətlik Heydər Əliyev çıxışında dedi ki, bu binanın tikintisində baş memar səhvə yol verib, əslində, bu bina burada tikilməli deyildi. Bu çıxış xronikada da, dövrün qəzetlərində də var. Bir dəfə Heydər Əliyev şəhəri seyr edərkən mən də yanında idim. İmkan tapıb dedim ki, cənab prezident, icazə verirsinizmi bir söz deyim? Dedi, buyurun. Dedim;- “Mən nə bu binanın tikintisinə, nə də layihəsinə icazə vermişdim, icazəsiz tikdilər.”

İnanın ki, uzun müddət Rəşid Behbudov küçəsindən keçəndə Milli Bankın binası tərəfə baxmırdım. Artıq zaman ötüb, yaxşı ku, bina mühitə uyğunlaşıb…”

 

Çox baməzə adamdır. İncə yumor hissi var. Şirin Bakı ləhcəsiylə adamı məftun edir. Necə deyərlər, əsl “qədeş”lərə məxsus dialekti var.

 “Bakının ruhu təkcə onun daşlarında deyil, Bakının ruhu orada yaşayan insanlardadır. Altmışıncı illərdə deyirdilər ki, İçərişəhərin əhalisini köçürmək, bəzi abidələri söküb yeniləmək lazımdır. Nə yaxşı ki, o vaxt başa düşən adamlar bu layihəni yaxın buraxmadılar və dedilər ki, İçərişəhərdə əhali yaşamasa, İçərişəhər də yaşamaz. Cansız daşlarda nə ruh ola bilər? Heç bir şey. Onu ruhlandıran orada yaşayan insanlardır. İçərişəhərin də əlbəttə ruhu dəyişib. Mən ora tez-tez gedirəm. Orada mənə yaşlı içərişəhərlilər hələ də “qədeş” deyirlər. Bu söz pis söz deyil ha. Onlar qədeş sözünü hörmət etdikləri adamlara deyirlər. Həyatdır da…”- söyləyir.

 

Zəngin kitabxanası var. Bu kitabxanada texniki kitablarla yanaşı, ümumilikdə doqquz minə yaxın bədii kitab da toplayıb. On iki yaşından şeir yazır, amma şeirlərini heç vaxt üzə çıxarmayıb.

Nə isə, Elbay Qasımzadə haqqında çox danışmaq olar, məqsədim, onu 75 illik yubileyi münasibətilə təbrik etmək olduğu üçün hələlik burada saxlayıram. Axı dekabrın 26-sı onun ad günü idi.

Ömrünüz uzun olsun, Elbay müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)