Sonuncu dərviş Featured

Rate this item
(10 votes)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Məni pal-paltar maraqlandırmır. Məndən sonra deməyəcəklər ki, nə yeyib, nə geyib. Deyəcəklər ki, nə yaradıb..." 

 

Bu gün mavi rəngi gözlərində, buğdayı rəngi simasında, geriyə qalan bütün rəngləri fırçasında, özünəməxsusluğun rəngini saçlarında, inadkarlığın, səxavətin, sadəliyin, şöhrətpərəstlikdən uzaqlığın rənglərini isə ruhunda daşıyan, ömrünü torpağının, el-obasının təbiətinin təsvir və tərənnümünə həsr etmiş, hələ sağlığında dövrünün yaşayan əfsanəsi, aramızda gəzən dahi, sonuncu dərviş adlandırılan, Azərbaycan təsviri sənətində öz üslubunu, öz dəsti-xəttini yaratmış xalq rəssamı, mənzərə janrına fəlsəfi mənzərəni gətirən, Azərbaycan ekspressionizminin banisi  Səttar Bəhlulzadənin doğum günüdür. 

 

Səttar Bəhlulzadə 1909-cu il 15 dekabrda Əmircanda əkinçi Bəhlul kişi ilə həyat yoldaşı Hökumə xanımın ailəsində dünyaya gəlmişdir.

Uşaqlıqda riyaziyyat fənnini çox yaxşı bilir və hətta qonşuluqda yoldaşları arasında bu fəndən çətinlik çəkənlərə kömək edirmiş. Bu səbəbdən hamı onun gələcəkdə riyaziyyatçı olacağını düşünürmüş. Amma Səttar isə rənglərin riyaziyyatçısı oldu.

O, qara rəngi sevməz, nə əsərlərində, nə də öz dünyasında qaraya yer verməzdi. Hətta qara rəngli geyimlərdən də imtina etmişdi. 

Lakin təbiətcə sadə olduğu qədər həm də mürəkkəb və inadkar biri olmuşdur.

Səttar Bəhlulzadə Füzuliyə vurğunluğu ilə də çox seçilirdi. Onun yaradıcılığında Məhəmməd Füzuli böyük yer tuturdu.

O, rəngkarlıq, əsasən də qrafik işlərində çoxlu sayda Leylinin, Məcnunun və Füzulinin obrazlarını yaratmışdır. 

O, bəzən həmin əsərlərinin altında  Füzulinin qəzəllərini də qeyd edirmiş.

"Mən portretçi olsaydım Füzulinin nəinki hər qəzəlinin, hər beytinin portretini çəkərdim" -, söyləyirmiş.

Səttar Bəhlulzadə 1927-ci ildə Azərbaycan dövlət rəssamlıq texnikumuna daxil olur və hələ tələbə ikən həmin dövrlərdə əsas mətbu orqanı olmuş “Kommunist” qəzetinin baş rəssamı Əzim Əzimzadənin dəvəti ilə 1931-1933-cü illərdə qəzetdə karikaturaçı rəssam kimi çalışır.

Səttar Bəhlulzadənin qrafika sənətindəki bacarığını görən Əzim Əzimzadə onun bu sahədə ali təhsil almasını istəyir. 

Və beləliklə Səttar Bəhlulzadə 1933-cü ildə ali təhsil almaq məqsədi ilə Moskvaya yollanır.

V.İ.Surikov adına rəssamlıq institunun qrafika fakultəsinə daxil olur.

Krımda keçirilən yay təcrübəsi zamanı Səttarın uğurlu rəngkarlıq etüdlərini görən məşhur rəssam Q.M.Şeqal ona rəngkarlıq fakultasınə keçməyi təklif edir. Səttar da tərəddüd etmədən bu təklifə razılıq verir. Beləliklə Səttar Bəhlulzadə 3-cü kursdan başlıyaraq Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir.  Realist sənət ənənələrini dərindən öyrənir.

Moskvada diplom işi üçün Babək mövzusunu seçmiş və başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını işləmişdir. Lakin İkinci dünya müharibəsinin başlaması ona diplomunu müdafiə etməyə imkan verməmişdir.  Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və "Məgər diplomsuz rəssam olmaz?"-, söyləyir.

Yaradıcılığının ilk illərində tarixi mövzulara müraciət etsə də Səttar Bəhlulzadə sonralar özünü mənzərə janrında tapır.

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir" söyləyən rəssam Azərbaycanı qarış-qarış gəzərək gördüyü gözəl mənzərələri rəsm etməklə yanaşı, həm də maraqlı yarpaqlar, çiçəklər, daşlar toplayıb onları öz emalatxanasının ən gözəl guşələrinə qoyurdu. 

"Mən Azərbaycan təbiətini tanınmaq üçün deyil, tanıtmaq üçün çəkirəm" söyləyirdi. 

Rəsm çəkərkən Bax və Bethovein musiqilərini dinləyməyi, həmçinin Asəf Zeynallının “Ölkəm” əsərinə qulaq asmağı və zümzümə etməyi çox sevirdi. 

Heç vaxt maddiyyat düşünməyən, daim şan-şöhrətdən, tərifdən qaçan rəssam ona verilən evi Tahir Salahova, əsərlərinə görə ona verilən qonorarı isə uşaq evinə bağışlamışdı.

O, sadəcə əsərlərinə görə ona ödənilən qonorarı deyil, öz əsərlərini də ürəyinə yatan ən sadə, ən kasıb insanlara təmənnasız bağışlayır və "Mənim əsərlərim əllərdə gəzdikcə, evləri bəzədikcə sənət ömrü yaşayacaq, onu qoruyacaqlar” söyləyərdi.

Bəlkə də bu gün Azərbaycanın neçə ucqar kəndində neçə evin solğun daş divarlarıını Səttar Bəhlulzadənin ölməz rəngarəng  əsərləri bəzəyir.

Əfsanəvi neft daşlarına gedən ilk rəssamlardan biri də məhz Səttar Bəhlulzadə olmuş və bu səfərləri zamanı "Xəzər gözəli", "Xəzərdə axşam", "Neft daşları", "Dəniz mədənləri", "Dənizdə buruqlar" adlı əsərlərini yaratmışdır. 

Səttar Bəhlulzadə 1960-cı ildə əməkdar, 1963-cü ildə  xalq rəssamı fəxri adına layiq görülüb. 

1972-ci ildə isə o, dövlət mükafatına laiq görülüb.

Səttar Bəhlulzadə tələbəlik illərindən başlayaraq fasilələrlə ta ömrünün sonuna qədər gündəlik yazıb. Gündəliklərinin bir hissəsi Moskvada qaldığı yataqxanada baş verən yanğında məhv olduğu üçün o, yadında qalanları "Yadımda qalanlar" başlığı ilə yenidən qələmə alıb.

Gündəliklərində rəssam həm də öz əsərləri haqqında fikirlərini, bəzi əsərlərinin rəng, mövzu, kompozisiya baxımından təhlillərini verib. Onun gündəliklərinin səhifələrində bir çox əsərlərinin istər rəngkarlıq, istərsə də qrafik əsərlərinin rəngli qələm və flamastrlərlə çəkilmiş eskizlərinə də rast gəlinir. 

O, həmçinin gündəliklərinin bəzən ilk, bəzən də son səhifələrində həmişə qırmızı qələmlə  Qız qalasının rəsmini çəkirdi.

Bu səbəbdən Səttar Bəhlulzadənin gündəlikləri də onun yaradıcılığının bir hissəsi hesab olunur. O, gündəliklərinin əksəriyyətini Azərbaycan dilində ərəb əlifbası ilə, bir qismini isə kiril əlifbası ilə yazıb.

Rəssam 1955-1957-ci illərdə Qarabağ mövzusunda bir çox əsərlər yaradıb ki, bu əsərlər arasında "Yuxarı Daşaltı", "Çıldır düzü" və "Şuşa ətrafında" əsərləri xüsusi ilə seçilir. 

60-cı illərin əvvəllərində Moskvada təşkil olunan ümumittifaq sərgisində onun "Xəzər gözəli" əsərini görən Qazaxıstan mədəniyyət nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəlirlər. Onlar rəssamla görüşüb "Xəzər gözəli" əsərini Qazaxıstan dövlət rəsm qalereyası üçün almaq istədiklərini bildirirlər. Səttar Bəhlulzadə isə əsərin artıq Azərbaycan dövlət incəsənət muzeyi üçün alındığını bildirir. Cavabdan məyus olan qonaqlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar, lakin Səttar bunu gizli saxlamağa çalışır. Qonaqlar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirərək ona 25000 rubl verməyə hazır olduqlarını bildiriblər. Buna rəğmən rəssamdan razılıq ala bilməyən qonaqlar heçolmasa əsərin neçəyə alındığını söyləməyi xaiş edirlər. Və Səttar Bəhluızadənin 600 rubl cavabını eşidib çox təəccüblənirlər. 

Qazaxıstanlı qonaqlar ən sonda Səttardan ən azından əsəri təkrar etməyi xahiş ediblər. Səttar Bəhlulzadə isə "Təkrarçılıqla məşğul olmuram” söyləyib. 

Rəssamın xüsusi ilə seçilən ən məşhur əsərlərindən biri də 1965-ci ildə yaratdığı "Kəpəzin göz yaşları" əsəridir.  Bu əsər bu gün Azərbaycan milli incəsənət muzeyində sərgilənir. 

Bir gün Çexoslavakiyadan gəlmiş bir qrup sənətşunası Səttar Bəhlulzadənin emalatxanasına aparmağı qərara alırlar.

Çex sənətşunaslar emalatxanaya gəlib rəsmləri incələyərkən təsadüfən onların gözləri rəssamın qrafik əsərlərinə sataşır. Bu əsərləri çox bəyənən sənətşunaslar Praqada Səttar Bəhlulzadənin sərgisini təşkil edəcəklərini söyləyirlər. 

Və beləliklə 1966-cı ilin oktyabrında Səttar Bəhlulzadənin Praqada qrafik əsərlərindən ibarət sərgisi keçirilir.

O, Avropada fərdi sərgisi keçirilən ilk Azərbaycan rəssamı olur. 

Və bu sərgi elə bir rezonans doğurur ki, onun müddəti iki aya qədər uzadılır. 

1973-cü ilin avqustunda Səttar Bəhlulzadəni Sabunçuda yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib yanlış sarılıq diaqnozu qoyurlar.

Onun xəstəliyindən gec xəbər tutan dostları və qohumları hər gün onun yanına çiçək və meyvə aparırlar. 39 dərəcə qızdırması olmasına baxmayaraq o, həmin çiçəklərin və meyvələrin şəkillərini çəkərək otağın divarlarına yapışdırır.

Onun müalicəsini Moskvada davam etdirmək barədə göstəriş verilmişdi, lakin, onu müalicə edən həkimə onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşırırlar.

Onun həkimi Mehdi Quliyev isə onu tapşırılan bu işi Səttara və onun yaxın dostlarına açaraq, onu təcili olaraq Moskvaya aparmalarını söyləyir. 

Həmin vaxt Səttar Bəhlulzadənin Moskvada sərgisi açılıbmış. 

Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına "Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Altmış dörd yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?.. "-, söyləyir

Onun bu sözlərindən təsirlənən dostları ölümlə çarpışan Səttarı Moskvaya göndərməyə müvəffəq olurlar. 

Amma Səttar Bəhlulzadə Moskvada əməliyyat olur və sərgisinin açılışına gedə bilmir. Arif Məlikov sərgidən fotolar çəkib albom formasında rəssama hədiyyə edir.

Səttar Bəhlulzadə əməlliyyatdan sonra 1 il yaşayır. Həkimlər ona vaxtını istirahətə sərf etməsini söyləyirlər, amma o isə demək olar ki, günün yarısını rəsm çəkməklə məşğul olur. 

Novruz bayramının qadağan olunduğu bir dövrdə 1974-cü ildə o xonça əsərini çəkmişdi. Səttar Bəhlulzadənin inadkarlığı bəzən onun Sovet ideologiyasına qarşı etiraz səsi idi.

Gündəliyində: “1974-cü ilin avqust ayında yenidən vəziyyətim pisləşdi. Bacım gözümdə sarılıq gördü. Deyəsən şoğərib xəstəliyim qayıdır. Bu xəstəlik aman versin, görün mən nələr yaradacam. Fikrimdə böyük işlər var” yazan böyük rəssam 1974-cü il oktyabr ayının 13-də 65 yaşında Moskvada dünyasını dəyişmişdir. Fəxri xiyabanda dəfn edilməsinə icazə verilməyən rəssam öz vəsiyyətinə əsasən Əmircanda,  anası Hökumə xanımın yanında dəfn olunur.

Onun əsərlərinin dəqiq sayı bilinmir, bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun əsərləri saxlanılır. 

Azərbaycanda və keçmiş SSRİ məkanındakı muzeylərdə onun 200-ə yaxın rəngkarlıq, 30-a yaxın qrafik əsəri var. 

Son araşdırmalar nəticəsində rəssamın  600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığı müəyyən edilib. 

Xarakterində sadəliklə, mürəkkəbliyin həm vəhdət, həm də təzad təşkil etdiyi kimi, əsərlərindəki rəngarəngliklə zahiri görünüşü və həyat tərzi də təzad təşkil edirdi. 

Şair Xeyrulla Camal Səttar Bəhlulzadə haqqında  danışarkən "Tanrı Səttar Bəhlulzadənin bütün gözəlliklərini içinə yığmışdı, çölünə heç nə saxlamamışdı"-, söyləmişdir.

Üst-başına, geyim-keçiminə fikir vermədiyinə, nimdaş geyiminə görə çox zaman Səttar Bəhlulzadəni dilənçi sanırmışlar. Hətta dəfələrlə bu səbəbdən ona pul verirlərmiş.

Bir dəfə elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

Heç vaxt ailə həyatı qurmayan rəssan deyilənlərə görə gəncliyində həmkarı, xalq rəssamı Maral Rəhmanzadəni çox sevib, lakin Maral xanım həmişə onu yalnız bir dost kimi görüb. 

Onun haqqında "Bu Səttar Bəhlulzadədir", "3 hekayə", "Sonuncu dərviş" filmləri ekranlaşdırılıb.

2009-cu ildə rəssamın 100 illiyi UNESCO səviyyəsində dünya miqyasında qeyd edilib.

Səttar Bəhlulzadə həmçinin UNESCO səviyyəsində yubleyi qeyd olunan ilk Azərbaycanlı rəssam olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)